news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 noyabr 2014

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfransda çıxışı

qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri və Avropa Şurasının Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarovun Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfransda çıxışı

Bakı, 7-8 noyabr 2014-cü il

Zati-aliləri,

Hörmətli səfirlər,

Dəyərli konfrans iştirakçıları,

Xanımlar və cənablar,

Avropa Şurasının Nazirlər Komitəsinin sədri və Azərbaycan Respublikasının Xarici İşlər Naziri qismində Avropa Şurasının qonşu regionlar ilə bağlı siyasətinə həsr olunmuş Bakıdakı konfransda sizləri salamlamaqdan məmnunluq hissi duyuram.

Bu məsələ ilə bağlı dərin marağımız beynəlxalq arenada Azərbaycan tərəfindən yürüdülən aktiv xarici siyasət kursundan irəli gəlir. Azərbaycanın strateji mövqeyi, onun tolerantlıq ənənələri, iqtisadi nailiyyətləri və dünyada və qonşuluqda sülhə və təhlükəsizliyə töhfə vermək istiqamətində qətiyyəti bu xarici siyasətin əsas hərəkətverici amilləri arasındadır.

Azərbaycan müxtəlif mədəniyyət və sivilizasiyaların kəşişməsində yerləşən bir ölkədir və müxtəlif etnik və dini icmalar arasında sülh şəraitində birgə mövcudluğun əsrlərlə davam edən ənənələrinin olması ilə fəxr edir. Bu səbəbdən biz mədəniyyətlərarası və dinlərarası dialoqun təbliğini xarici siyasətin prioritetləri səviyyəsinə qaldırmışıq. Son dövrlər Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi bir sıra beynəlxalq humanitar forumların təşəbbüskarı və ev sahibi olmuşdur. 2016-cı ildə Azərbaycanda BMT-nin Sivilizasiyalar alyansının 7-ci qlobal forumu keçiriləcəkdir.

Bu gün Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir və hal-hazırda Cənubi Qafqazın iqtisadiyyatının ümumilikdə 80 faizdən çoxu ölkəmizin payına düşür. Əhəmiyyətli neft və qaz resursları, eləcə də regional nəqliyyat mərkəzi kimi əsas mövqe Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfələrini daha da artırmağa imkan verir.

Artan iqtisadi gücü ilə, Azərbaycan dünyada yardıma ehtiyacı olanlara kömək etməyi özünün mənəvi məsuliyyəti kimi hiss edir. Bu ruh bizi donor ölkə olaraq, Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişaf səylərinə yardım etməyə yönləndirir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi hal-hazırda 20-dən çox ölkədə müxtəlif yardım proqramlarını həyata keçirməkdədir.

Ermənistan və Azərbaycan arasında olan, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin - Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən qanunsuz işğalı və 1 milyondan çox Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətində olması ilə nəticələnən münaqişənin ağır nəticələri olmasaydı, Azərbaycan və region daha çox nəaliyyətlər əldə edə bilərdi. Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə hörmətlə yanaşılmasını təsdiq edən və işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal, tam və qeydi-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də yerinə yetirilməməsi məyusedicidir.

Xanımlar və cənablar,

Biz Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyimizin sonuna doğru yaxınlaşırıq. Bugünkü konfrans sədrliyimiz ilə təşkil olunmuş sonuncu əsas iclasdır. Əlbəttə, mən növbəti cümə axşamı sədrliyi Belçikaya təhvil vermək üçün Strasburqda olacağam. Bu münasibətlə mən Nazirlər Komitəsinə 6 aylıq sədrliyi dövründə Azərbaycan tərəfindən görülmüş işlərin nəticələrini təqdim edəcəyəm.

Təfərrüatlara varmadan, mən ölkəmin hər kəsin mənafeyi naminə konsensual nəticəyə nail olmaq üçün dialoq və kompromis ruhunda işləyərək, Avropa Şurasının təməl prinsiplərinin daha da inkişaf etdirilməsi istiqamətlə nəzərəçarpacaq cəhdlər nümayiş etdirməsi ilə fəxr edirəm. Bu müddət ərzində Azərbaycan korrupsiya əleyhinə müdafiə, müxtəlif mədəniyyətli cəmiyyətlərin, sosial həmrəyliyin və gənclərin təhsilinin möhkəmlənməsi də daxil olmaqla, bir sıra sahələrə diqqət yetirmişdir. Mən inanıram kı, Azərbaycanda təşkil olunmuş 18 tədbirin hər biri Avropa Şurasının səylərinə praktik giriş nöqteyi-nəzərindən faydalı olmuşdur.

Fikrimizcə, Azərbaycan da Avropa Şurasının siyasətinin qonşu regionlarda daha da tanıdılması istiqamətində sədrliyinin ona verdiyi üstünlüklərdən yararlana bilmişdir. Qonşuluq siyasətinin əhatə etdiyi bir çox ölkələrlə tarixi dostluq münasibətləri olan bir ölkə kimi biz başlanğıcdan bu siyasətin güclü tərəfdarlarından olmuşuq.

Bir çoxunuz qonşuluq siyasətinin Nazirlər Şurası tərəfindən 2011-ci ilin may ayında İstanbulda başladıldığını xatırlayır. Üç illik mövcudluğu dövründə təşkilatın coğrafi hüdudlarından kənarda belə Avropa Şurasının dəyərlərinin və standartlarının tanıdılması istiqamətində bu, özünü uğurlu bir vasitə olduğunu sübut etmişdir. Bu müddət ərzində hər birinə xüsusi yanaşma nümayiş etdirməklə siyasi dialoq inkişaf etdirilmiş və bir sıra tərəfdaş ölkələrlə birgə əhəmiyyətli əməkdaşlıq proqramları həyata keçirilmişdi.

Avropa Şurasının məqsədi qarşılıqlı maraq doğuran sahələrdə standartlarını və təcrübəsini bölüşməklə tərəfdaş ölkələri dəstəkləməkdir. Həmçinin, bu, Avropada və onun ətrafında stabilliyin təmin olunmasından ötrü terrorizm və qaçaqmalçılıq kimi trans-sərhəd təhdidlərə qarşı mübarizənin daha da artırılmasıdır. Fikrimizcə, biz həm də mədəniyyətlərarası dialoq ilə bağlı fəaliyyətlərin qonşuluq siyasəti tərəfindən müəyyən edilmiş bütün məqsədlərə əlavə dəyər verə biləcəyi məsələsi ərtafında müzakirələr apara bilərik.

Bu xüsusda mən bugün bizimlə olan tərəfdaş ölkələrin nümayəndələrinə səmimi salamlarımı çatdırmaq istərdim. Onların vəziyyət ilə bağlı qiymətləndirmələri, habelə gözləntiləri qonşuluq siyasətinin növbəti mərhələlərinin hazırlanması üçün mühüm əhəmiyyət kəsb edir.

Xanımlar və cənablar, iştirakınıza görə minnətdaram. Sizlərə məhsuldar müzakirələr və Bakıda xoş istirahətlər arzu edirəm. Ümidvaram ki, gələn il keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Azərbaycana yenidən gələcəksiniz.

Diqqətinizə görə təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti