Qoşulmama Hərəkatının videokonfrans formatında Nazirlər Görüşü “Bandunq+65: COVİD-19 daxil olmaqla, meydana çıxan qlobal çağırışlara qarşı daha aktual, birləşmiş və effektiv Qoşulmama Hərəkatı”
Qeyri-rəsmi tərcümə
Hörmətli həmkarlar,
Zati-aliləri,
Xanımlar və cənablar,
Bugünkü toplantı Hərəkatımızın təməlini təşkil edən Bandunq Prinsiplərinin 65 illiyini qeyd etmək üçün əla bir fürsətdir.
Altı on illikdən çox bir müddətdə Bandunq prinsipləri beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin təşviqinə töhfə verib, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmanı təmin edib. Qəbul olunduğu gündən etibarən həmin prinsiplər onlara bağlılığını ifadə edən ölkələri soyuq müharibə dövrünün təlatümlərində bələdçilik edib.
Soyuq Müharibənin və bloklararası qarşıdurmanın bitməsi heç bir şəkildə Bandunq prinsiplərinin aktuallığını və etibarlılığını azaltmamışdır. Tam əksinə, silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, transmilli mütəşəkkil cinayətkarlıq və ekstremizm kimi sülhə və inkişafa daha mürəkkəb təhdidlərin olması baxımından bu prinsiplər əvvəlkindən daha çox əhəmiyyət kəsb etməyə başlayıb.
Bu anlayışdan çıxış edərək, Azərbaycan Qoşulmama Hərəkatına sədrliliyin prioritetlərindən birini Bandunq prinsiplərinin təşviqi kimi müəyyən etdi. Xüsusilə də təhdidlərlə üzləşdiyimiz həssas bir dövrdə Bandunq ruhunun dəstəklənməsi və gücləndirilməsi, birliyimizi daha da möhkəmləndirməyə və Hərəkatımızın effektivliyini artırmağa imkanlar yaradır.
Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə ədalət və qanunun aliliyinin həqiqi müdafiəçisidir. Müxtəlif ideologiyaların nümayəndələri üçün canlı və dinamik bir platforma olaraq, Qoşulmama Hərəkatı dünyanı əhatə edən və beynəlxalq əhəmiyyətli məsələləri həll edir. Təsadüfi deyil ki, bu gün qəbul edəcəyimiz Siyasi Bəyanat beynəlxalq hüququn normaları və prinsiplərinə sadiqliyin əhəmiyyəti, terrorçuluqla mübarizə, birtərəfli məcburetmə tədbirləri, BMT-nin sülhməramlı fəaliyyəti, Hərakatın Covid-19-a cavabı və s. kimi dünya siyasəti gündəminə aid olan məsələlərin geniş spektrini əhatə edən çox əhatəli bir sənəddir. Artmaqda olan təktərəflilikdən ciddi narahatlıq ifadə edən Bəyanat, Qoşulmama Hərəkatına üzv dövlətlərinin üzləşdiyi çağırışları əks etdirərək, çoxtərəfliliyin qlobal təhlükəsizlik və inkişafa qarşı mövcud olan və ortaya çıxan təhdidlərin aradan qaldırılması üçün yeganə yol olduğunu vurğulayır.
Hamımız bildiyimiz kimi, onsuz da çox kövrək qlobal vəziyyət Covid-19 pandemiyası ilə daha da kəskinləşməkdədir. Qoşulmama Hərəkatının pandemiya və onun üzv dövlətlərə sosial-humanitar təsirinə qarşı operativ və nəticəyönümlü cavabı nümunəvi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatı üzv dövlətləri adından BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü Hərəkatımızı pandemiyaya qarşı mübarizədə qlobal səylərin mərkəzində yerləşdirdi. COVİD-19 ilə əlaqəli təşəbbüslər, nəinki görünən nəticələr vermiş, eyni zamanda, Hərəkatımızın çoxalan çağırışlara cavabını və operativliyini sınaqdan keçirdi və bunun nəticələri daha da həvəsləndirici olmuşdur.
Hörmətli həmkarlar,
Təcavüz və digər qanunsuz hərəkətlərə bəraət qazandırmaq məqsədilə ümumdünya səviyyəsində qəbul olunmuş, o cümlədən BMT Nizamnaməsi və Bandunq Bəyannaməsində təsbit edilmiş fundamental dəyərlər, norma və prinsiplərə açıq şəkildə hörmət edilmədiyi və onların təhrif olunduğu şəraitdə dinc, ədalətli və firavan bir dünyanı təmin etmək məqsədinə nail olmaq çox çətindir.
Birləşmiş Millətlər Təşkilatının və Hərəkatımızın əsasını təşkil edən norma və prinsipləri pozaraq, Ermənistan 30 ilə yaxındır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini işğal edir. Ermənistanın hərbi təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı zorla evlərindən qovulub və məcburi köçkünə çevrilib. Ermənistan, BMT Nizamnaməsini açıq şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymur.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbulundan ötən 27 il ərzində Ermənistan nəinki Təhlükəsizlik Şurasının tələblərinə məhəl qoymayıb, əksinə sistematik şəkildə və qəsdən işğal olunmuş ərazilərin ilhaqını təmin etmək məqsədini güdür. Buraya, digərləri ilə yanaşı, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma, tarixi və mədəni irsin talan və məhv edilməsi, təbii sərvətlərin qanunsuz istismarı, ələ keçirilmiş torpaqlarda özəl və ictimai əmlakın mənimsənilməsi daxildir.
Ermənistan tez-tez Azərbaycana qarşı hərbi və digər təxribatlara əl atıb və bu da sülh prosesini pozub və danışıqları mənasız edib. Baş nazir Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsi münaqişənin siyasi həlli cəhdlərinə ciddi zərbə oldu. Son iki ayda cəbhə boyu çox sayda silahın cəmləşdirilməsi və bunun Azərbaycan ərazisinin dərinliyində intensiv təxribat fəaliyyəti ilə müşayiət olunması Ermənistanın yeni bir təcavüz aktına hazırlaşmasının göstəricisi idi. Biz, beynəlxalq ictimaiyyəti bu artan təhlükə barədə lazımi qaydada məlumatlandıraraq, Ermənistanla münasibətləri məhdudlaşdırmağa və bu ölkəni bu cür təhlükəli yoldan çəkinməyə inandırmağa çağırdıq.
27 sentyabr 2020-ci il tarixində Azərbaycanın mülki əhali və hərbi qulluqçuları arasında itkilərlə nəticələnmiş Ermənistanın təcavüzünə cavab olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin dərinliyində sıx məskunlaşmış yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum tədbirləri görməyə məcbur oldu.
Növbəti günlərdə, döyüş meydanında bir sıra məğlubiyyətlərlə üzləşən Ermənistan terrora əl atdı və cəbhədən çox uzaq məskunlaşan Azərbaycan şəhərlərinə, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə və Cənubi Qafqazın ən böyük su anbarının yerləşdiyi Mingəçevir şəhərinə raketlərlə davamlı olaraq hücum etdi. Nəticədə, onlarla mülki insanlar öldürüldü və ağır yaralandı, tibb və təhsil müəssisələri də daxil olmaqla mühüm mülki infrastruktur ya məhv edildi, ya da onlara ciddi zərər vuruldu.
Ermənistanın açıq-aydın məqsədi beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqla mülki əhalini terrorizə etmək və Azərbaycan cəmiyyətinin daxilində vahimə yaymaqdır. Azərbaycanın Silahlı Qüvvələrinin Ermənistan ərazisində hədəfi olmadığı barədə ən yüksək səviyyədə verilən bəyanatlara baxmayaraq, Ermənistan, həmçinin üçüncü tərəfləri münaqişəyə cəlb etmək məqsədilə münaqişə coğrafiyasını qəsdən genişləndirməyə çalışır. Azərbaycan suveren torpaqlarında özünümüdafiə çərçivəsində hərəkət edir.
Zati-aliləri,
Bu vəziyyətdə, Ermənistan beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq şəkildə məhəl qoymayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozur, məqsədyönlü şəkildə mülki əhalini və mülki infrastrukturu hədəfə almaqla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur. Beynəlxalq ictimaiyyətin üzərinə öz əsaslı mövqeyini nümayiş etdirmək, habelə öz suverenliyi, ərazi bütövlüyünü və əhalisini qorumaq naminə ədalətli mübarizə aparan Azərbaycanla həmrəyliyini ifadə etmək üçün həmişəkindən daha çox vəzifə düşür.
Məsələnin müstəsna əhəmiyyətini və aktuallığını nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı son hərbi hücumu ilə əlaqədar Azərbaycan Nazirlər Görüşünün xüsusi bəyanatının qəbul edilməsi ilə bağlı təşəbbüslə çıxış edib, sənədin layihəsi üzv dövlətlər arasında geniş şəkildə müzakirə edilib. Fürsətdən istifadə edərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə əsaslı dəstəyini bir daha təsdiq edən bəyanat layihəsinin baxılmasında fəal iştirak və töhfəyə görə bütün üzv dövlətlərə öz minnətdarlığımı ifadə edirəm. Qəbul edildikdən sonra, bu bəyannamə Qoşulmama Hərəkatının Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı həmrəyliyə dair prinsipial mövqeyini daha da gücləndirəcəkdir.
Münaqişəni siyasi yollarla həll etmək üçün hələ şans var. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən dəqiq vaxt cədvəlinə uyğun olaraq çıxarmalıdır. Münaqişənin həlli yalnız BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət əsasında mümkündür.
Zati-aliləri,
Gələn il daha bir mühüm hadisəni - Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyini qeyd edəcəyik.
Mövcud olduğu 60 il ərzində Hərəkatımız, özünü beynəlxalq münasibətlər sistemində çoxtərəflilik və sülh naminə diplomatiyanı təşviq edən əsas oyunçulardan biri kimi sübut edib. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatının üzv dövlətlərinin təşəbbüsü ilə 24 aprel - 1955-ci il Bandunq Konfransının bağlanış tarixi - BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Çoxtərəflilik və Sülh Naminə Diplomatiya Günü elan edildi.
Bu gün Qoşulmama Hərəkatı qarşısında dayanan əsas vəzifə - əsas prinsiplərinin təbliğ edilməsi və dəstəklənməsi vasitəsilə Hərəkatın rolunu geosiyasi mənzərədəki yeni reallıqlarla uyğunlaşdırmaqdır. Qoşulmama Hərəkatının üzv dövlətlərinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafa qarşı ortaya çıxan təhdidlər və çağırışlar fonunda vahid şəkildə və möhkəm dayanmaları həmişəkindən daha çox zəruridir.
Üzv dövlətlərə təsir edən vəziyyətlərlə bağlı vaxtında reaksiya və təsirli vasitələrin tətbiqi çox vacibdir. Qoşulmama Hərəkatı yaranan və təcili diqqət tələb edən vəziyyətlərə dərhal reaksiya göstərməlidir ki, üzv dövlətlər çətin anlarında Hərəkatın gücünə və dəstəyinə arxalana bilsin.
Üzv dövlətlər Hərəkatın onların maraqlarını və prioritetlərini adekvat və vaxtında təmsil etmək, əlaqələndirmək və dəstəkləmək gücünə malik olan dinamik və təsirli bir mexanizmə çevrilməsini təmin etməlidirlər.
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Hərəkatın müharibə əleyhinə və sülhsevər, Birləşmiş Millətlər Təşkilatı və onu özəyi ilə çoxtərəfliliyi təşviq edən, qoruyan və gücləndirən qüvvə kimi rolunun və nüfuzunun zənginləşdirilməsi üçün çalışır və bunun üçün öz səylərini əsirgəməyəcəkdir. Biz, Qoşulmama Hərəkatının əsas prinsiplərinin təbliği, onun səmərəliliyinin artırılması, eləcə də üzv dövlətlər arasında birlik və əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal işləyəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.