news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 aprel 2017

No:90/17, Xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Estoniyanın xarici işlər naziri Sven Mikser ilə görüşüb

Görüşdə Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olundu və əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov bu ilin 7 aprel tarixində Bakıda hökumətlərarası birgə komissiyanın iclasının uğurla keçdiyi və aparılmış müzakirələrin informasiya texnologiyaları, turizm, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını vurğuladı.

Sven Mikser tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu qeyd edərək Estoniyanın Avropa İttifaqına (Aİ) sədrliyi haqqında məlumat verdi və Estoniyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəklədiyini bildirdi.

Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə saziş layihəsi üzrə işin aparıldığını diqqətə çatdırdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən Elmar Məmmədyarov münaqişənin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğuladı. O əlavə etdi ki, Aİ tərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir. Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsinin qəbuledilməz olduğunu deyərək bu prinsipə hamılıqla riayət edilməli olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri haqqında məlumat verərək Estoniya şirkətlərinin də bu layihələrin yaratdığı imkanlardan faydalana biləcəyini qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti