No:732/23, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsinin açılış mərasiminə dair mətbuat məlumatı 

18 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsinin açılış mərasimi keçirilib. 

 

Açılış mərasimindən öncə layihə iştirakçıları Fəxri Xiyabanı ziyarət edib, Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzərək əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anıblar. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, məzarı önünə gül dəstələri qoyulub. Daha sonra isə Şəhidlər Xiyabanı ziyarət olunub, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsi hörmət və ehtiramla yad edilib.

 

“Diplomatiya Həftəsinin” açılış mərasimində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə, Kadrlar idarəsinin rəisi Raman Məmmədov və ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə iştirak edib. 

 

Açılış mərasimində çıxış edən nazir Ceyhun Bayramov, "Diplomatiya Könüllüləri" sıralarına yeni qəbul olunmuş könüllüləri bu münasibətlə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Yeni qrup diplomatiya könüllüləri üçün təşkil olunmuş bu layihənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş "Heydər Əliyev İli" çərçivəsində keçirilməsi, habelə müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə həsr edilməsinin simvolik əhəmiyyət daşıdığı qeyd edilib. Müstəqil dövlətçiliyimizin əsasının qoyulması və möhkəmləndirilməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, ölkəmizin bütün sahələrdə hərtərəfli inkişaf və tərəqqisinə istiqamətlənən milli quruculuq siyasətinin Azərbaycan gəncləri tərəfindən dərindən mənimsənilməsinin vacibliyi vurğulanıb. 

 

Ulu Öndərin milli quruculuq siyasətinin ayrılmaz komponentlərindən biri olan, Azərbaycan xalqının milli maraqlarına əsaslanan xarici siyasət kursundan ətraflı bəhs edən nazir Ceyhun Bayramov, bu gün bu kursun Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. 

 

Artıq Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu olan ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının həyata keçirildiyi, postmünaqişə dövründə bölgədə yeni reallıqların yarandığı, ölkəmizin bugün bərpa, quruculuq, sülh gündəliyinin irəlilədilməsi istiqamətində fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. 

 

Bu istiqamətdə, Azərbaycan gənclərinin, xüsusilə ölkə başçısı İlham Əliyev tərəfindən təşviq olunan könüllülərimizin ölkəmizin xarici siyasət prioritetləri və istiqamətləri, postmünaqişə dövrünün reallıq və çağırışları barədə məlumatlılığının artırılmasının əhəmiyyəti qeyd olunub, Xarici İşlər Nazirliyinin də öz növbəsində gənclərin aidiyyəti sahə üzrə biliklərini artırmasına töhfə verdiyi bildirilib.

 

Daha sonra çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev, könüllüləri fəaliyyətə başlamaları münasibətilə təbrik edib, onlara təhsil və işlərində uğurlar arzu edib, könüllülərlə öz tövsiyələrini bölüşüb.

 

Qeyd edək ki, 18-22 dekabr 2023-cü il tarixlərində keçiriləcək, "Heydər Əliyev İli"nə həsr olunmuş diplomatiya həftəsi çərçivəsində iştirakçılar Ulu Öndər Heydər Əliyevin həyatı və müxtəlif sahələr, o cümlədən Ümummilli Liderin daxili və xarici siyasəti, hərbi quruculuq, neft və iqtisadi inkişaf strategiyası, parlament, mədəniyyət, mətbuat, gənclər və s. sahələri üzrə çoxşaxəli fəaliyyəti ilə bağlı dövlət xadimləri ilə görüşlərinin, səfər və ekskursiyalarının keçirilməsi nəzərdə tutulub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti