No:731/23, Azərbaycan və Cibuti Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair mətbuat məlumatı
17 dekabr 2023-cü il tarixində Cibuti şəhərində Azərbaycan Respublikası və Cibuti Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk raundu keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Cibuti Respublikasının nümayəndə heyətinə isə XİN Baş katibi Mohammad Ali Hasan rəhbərlik edib.
Nazir müavini Yalçın Rəfiyevin Cibutiyə səfəri çərçivəsində Azərbaycan nümayəndə heyətinin Cibuti xarici işlər naziri Mahmud Ali Yusuf və Cibuti-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşləri baş tutub.
Görüşlərdə iki dövlət arasında siyasi münasibətlərin müxtəlif istiqamətləri üzrə əsas gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
Tərəflər həm ikitərəfli əsasda, həm də Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəminə vurğu ediblər.
Azərbaycan və Cibuti nümayəndə heyətləri ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi, xüsusilə də iqtisadi, sosial və humanitar sahələrdə təmasların və işgüzar münasibətlərin intensivləşdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər Azərbaycan və Cibuti arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini və parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Siyasi məsləhətləşmələrin növbəti raundunun gələn il Bakı şəhərində təşkil edilməsi razılaşdırılıb.