No:720/23, YUNESKO-da Azərbaycan tərəfindən irəli sürülmüş qətnamənin qəbul edilməsinə dair mətbuat məlumatı

Cari ilin 11 dekabr tarixində YUNESKO mənzil qərargahında Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşü keçirilib.

 

Görüşün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib. 

 

Qətnamədə, silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə Üzv Dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur. 

 

Qətnamədə minalar və digər partlayıcı qurğuların istifadəsinin mədəni mülkiyyətə qarşı ciddi təhlükə yaratması ilə bağlı narahatlıq ifadə olunur.

 

Qətnamədə 1954-cü il Haaqa Konvensiyasını pozan addımlarının atılmasının qarşısının alınmasının əhəmiyyəti vurğulanıb. 

 

Qeyd etmək istərdik ki, minaların mədəni irsə təsiri mövzusu YUNESKO tarixində müzakirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Bununla yanaşı eyni məzmunlu bənd sözügedən konvensiyanın tarixində ilk dəfə olaraq Azərbaycan tərəfindən gündəliyə daxil edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti