No:716/23, Xarici işlər naziri Ceyhun Bayramovun Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşünə dair mətbuat məlumatı
11 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşü çərçivəsində Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşüb.
Görüş zamanı ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər və cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Yüksək səviyyəli səfərlərin, iqtisadi əməkdaşlığın və siyasi məsləhətləşmələrin davam etdirilməsinin önəmi vurğulanıb.
Regionda baş verən son proseslər barədə məlumat verən nazir Ceyhun Bayramov, cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. Nazir son dövrlər Azərbaycan və Ermənistan arasında sülh və sabitliyin, eləcə də, etimadın qurulmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.