No:634/23, Xarici işlər naziri Ceyhun Bayramovun Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşünə dair mətbuat
7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Serbiya Respublikasının Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Serbiya arasındakı mövcud ikitərəfli münasibətlərin inkişaf perspektivləri və iki ölkə arasında parlamentlərarası müstəvidə əlaqələr müzakirə edilib.
Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov, münasibətlərin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu qeyd edib.
Bununla əlaqədar, çoxtərəfli platformalarda iki ölkənin bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstək vurğulanıb.
Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasından söz açan nazir Ceyhun Bayramov, qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Parlamentlərarası müstəvidə Milli Assambleyanın sədri V.Orliçin bu il baş tutmuş işgüzar və rəsmi səfərləri, habelə Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın Serbiyaya rəsmi səfəri xatırlanıb.
Ölkələr arasında iqtisadi, enerji, ticarət dövriyyəsinin artırılması, informasiya texnologiyaları, turizm və s. sahələrdə əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov bu sahədə geniş inkişaf potensialının olduğunu vurğulayıb və bu sahədə Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın 24 saat ərzində həyata keçirdiyi anti-terror tədbirləriji şərtləndirən amillər, bölgədə hazırkı vəziyyət və Ermənistanla sülh prosesinin perspektivləri barədə məlumat verib.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.