No:591/23, Nazir Ceyhun Bayramovun Zati-aliləri cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun

Zati-aliləri cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin

20-ci ildönümünə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili”

mövzusunda konfransda

ÇIXIŞI

 

Gülüstan sarayı, Bakı

14 oktyabr 2023-cü il

 

Hörmətli cənab Baş nazir,

Hörmətli həmkarlar,

Xanımlar və cənablar,

 

Azərbaycan xalqına xidməti həyat amalına çevirmiş müdrik lider, qətiyyətli şəxsiyyət və mahir siyasətçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20 illik dönəmi ölkəmizin hərtərəfli tərəqqi və davamlı inkişaf dövrü olmaqla yanaşı, müstəqilliyimizin bərpasından əvvəl üzləşdiyi təcavüzün və işğal faktorunun aradan qaldırılması istiqamətində Azərbaycanın haqlı mövqeyinin daha da möhkəmlənməsi və səylərin intensivləşməsi kimi xarakterizə olunur.

 

Heç şübhəsiz, məhz torpaqlarımızın işğaldan azad olunması, Azərbaycan bayrağının Şuşada və digər işğal olunmuş ərazilərimizdə dalğalanması bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin arzusu, möhtərəm Prezident İlham Əliyevin əsas amallarından biri idi.

 

Azərbaycan tərəfindən uzun illər ərzində aparılan xarici siyasətin əsas cəhətlərindən biri, Qarabağın əzəli və əbədi Azərbaycan ərazisi olduğunun, Azərbaycanın öz torpaqlarının işğalı ilə barışmayacağının, torpaqların ya diplomatik, ya da hərbi yolla azad edilməsinin ölkəmizin legitim hüququ olduğunun beynəlxalq aləmin yaddaşında həkk olunması idi.

 

Baxmayaraq ki, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam olaraq döyüş meydanında qazanıldı, Ulu Öndər Heydər Əliyev və daha sonra onun layiqli davamçısı möhtərəm cənab Prezidentin apardığı uğurlu xarici siyasət bu qələbənin mübahisələndirilməməsi və diplomatik zəmin yaradılması istiqamətində əsas rol oynadı.

 

Prezident İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi başlayan zaman xalqa müraciətində - “Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar və bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir...” - sözlərinin böyük zəfərə aparan xarici siyasətin təməli olduğunu desək yanılmarıq.

 

Hörmətli xanımlar və cənablar,

 

Məlum olduğu kimi, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyinin həm dövlətlər tərəfindən ikitərəfli əsasda qəbul olunmuş sənədlərdə, həm də beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapması daim xarici siyasətimizin əsas vəzifələrindən biri olub. Beynəlxalq təşkilatların işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığına hörmət daxil olmaqla, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çağıran çoxsaylı sənədləri aparılan işin mühüm bəhrəsidir.

 

Birinci növbədə, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağın Azərbaycan ərazisinin tərkib hissəsi olduğunun təsdiqlənməsi beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edib. Ümumiyyətlə, işğalçı dövlət istisna olmaqla, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə heç bir dövlət və ya təşkilat tərəfindən şübhə ilə yanaşılmaması və bunun beynəlxalq təşkilatların qərarlarında açıq-açkar təsbit olunması ölkəmizin mövqeyini gücləndirən əsas amillərdən biridir.  

 

İkinci, işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsinin tələb olunması Azərbaycan tərəfindən daim əsas təzyiq vasitəsi kimi geniş şəkildə istifadə olunduğu məlumdur.

 

Üçüncü, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüququnun təsbit edilməsi istiqamətində səylər, bir milyonadək insanımızın pozulmuş hüquqlarının bərpa olunması əsas fəaliyyət istiqamətlərindən biri kimi diqqət mərkəzində olub.

 

Qeyd edilən istiqamətlər ilə yanaşı, Ermənistanın davam edən təcavüzü çərçivəsində Azərbaycanın işğal altında olan ərazilərində işğalçı Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyət, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin aparılması, Azərbaycan xalqının bu torpaqlardakı zəngin tarixi, mədəni, dini irsinin məhv və talan edilməsi, təbii sərvətlərin qanunsuz istismarı, bu ərazilərdəki şəxsi və ictimai mülkiyyətin qanunsuz mənimsənilməsi və digər qeyri-qanuni addımların, eləcə də erməni terrorizminin ifşa edilməsi, bu istiqamətdə siyasi və hüquqi proseduralardan istifadə Prezident İlham Əliyev tərəfindən son 20 il ərzində aparılmış fövqəladə siyasətin təməllərindən hesab olunur.

 

Qeyd edilən tədbirlərlə yanaşı, ölkəmizin mühüm beynəlxalq təşkilatlarda sədrlikləri və üzvlüyü ölkəmizin, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi mühüm platformalarda prioritetlərimizin irəlilədilməsi torpaqlarımızın işğaldan azad edilməsi üçün təməl bazanın yaradılmasına xidmət edib. Azərbaycanın 155  səs çoxluğu ilə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi, ölkəmizin haqq səsinin daha da geniş yayılmasına imkan verib.

 

Həmçinin 2011-ci ildən üzvü olduğumuz Qoşulmama Hərəkatının 2019-cu ildən etibarən sədrliyimiz beynəlxalq hüquq və normalar çərçivəsində beynəlxalq ədalətin bərpası üçün atdığımız xoşniyyətli addımlar qarşılığını çox qısa zamanda alıb.

 

Hörmətli tədbir iştirakçıları,

 

Azərbaycanın keçmiş münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində sərgilədiyi mövqe prinsipial xarakter daşımaqla, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, uzun illər ərzində davam edən proses çərçivəsində heç zaman dəyişməyib. Bu mövqe daim beynəlxalq hüququn dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsi, qanunsuz işğal faktorunun aradan qaldırılması və öz evlərindən didərgin düşmüş insanların hüquqlarının bərpa edilməsi, onların evlərinə təhlükəsiz şəraitdə və ləyaqətlə geri dönüşünün təmin edilməsindən ibarət olub.

 

Hazırkı Ermənistan hökumətinin əvvəlki Ermənistan liderlərinin ritorikasından daha sərt şəkildə ölkəmizə qarşı təxribatlara yol verməsi şəraitində belə, Azərbaycan tərəfi diplomatik müstəvidə Ermənistanın avantürasına qarşı öz təbliğatını davam etdirib. Azərbaycan Ermənistanın bu təxribatlarını lazımı şəkildə cavablandıraraq, hər bir təxribat, bir çox hallarda, dövlət rəhbərimiz başda olmaqla müvafiq səviyyələrdə ifşa olunub. Azərbaycan Respublikasının Prezidenti keçmiş münaqişə kontekstində səsləndirdiyi hər bir fikrin və mövqeyin zamanını, məkanını xüsusi dəqiqliklə seçərək onun doğru hədəflərə və geniş beynəlxalq auditoriyaya çatmasını təmin edib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin 3 oktyabr tarixində  “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə”  bəyanatına tutarlı faktlarla cavab verməsi Ermənistan tərəfinə böyük zərbə olduğu bəllidir. Bütün dünya mediasının diqqətinin olduğu bir tədbirdə Prezident İlham Əliyev erməni baş nazirinin bəyanatının yalan olduğunu vurğulayaraq məşhur - “Qarabağ Azərbaycandır və nida işarəsi” – faktını vurğulaması zəfərin uzaqda olmadığının bəyanı idi.  

 

27 sentyabr 2020-ci il tarixində Ermənistanın növbəti təxribatına cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin əmri ilə başlayan Vətən müharibəsinin nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, NATO, GUAM, Avropa Şurası və digər beynəlxalq təşkilatların erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında həllinə çağıran qətnamələrini həyata keçirdi.

 

Aparılan ədalətli müharibəyə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə dövründə belə diplomatik səyləri davam etdirirdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini xarakterizə edən və cənab Prezidentin demək olar ki, bütün müraciətlərində qeyd olunan əsas məqamlardan biri məhz ölkəmizin beynəlxalq hüquq çərçivəsində və beynəlxalq tanınmış ərazilərində əməliyyatları həyata keçirməsi idi.

 

“Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır... Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir... Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar, ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!” - deyən dövlət başçısı onilliklər ərzində Azərbaycan tərəfindən beynəlxalq müstəvidə səsləndirilən mövqeyimizi bir daha bəyan edirdi.

 

Beləliklə, Prezident İlham Əliyevin milli maraqlara söykənməklə beynəlxalq hüquq çərçivəsində apardığı xarici siyasət hər zaman özündə ədalət prinsipini ehtiva edib. Azərbaycan strateji səbir nümayiş etdirərək beynəlxalq hüququn təmin edilməsi üçün apardığı fəaliyyət və diplomatiya cəbhəsində proseslər Azərbaycanın hərb meydanında gücünü birə yüz artırıb.

 

Hörmətli xanımlar və cənablar,

 

Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi böyük qələbə, o cümlədən 19-20 sentyabr 2023-cü il tarixində 24 saat ərzində apardığı anti-terror tədbirləri çərçivəsində Qarabağ bölgəsi üzərində tam suverenliyimizin bərpa olunması Azərbaycan tarixinin şanlı səhifəsini təşkil etməklə yanaşı, bölgədə yeni reallıqlar yaratdı.

 

İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Əlbəttə, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu əhəmiyyət kəsb edir. Ermənistanın revanşizm cəhdlərinin hər hansı şəkildə dəstəklənməməsi və bölgənin rifahı üçün sülhün alternativinin olmamasına dair çağırışların edilməsi olduqca vacibdir.

 

Qeyd edilənlərlə yanaşı, şanlı zəfərin təmin olunduğu bu tarixi dövrdə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək Azərbaycan həqiqətlərinin beynəlxalq aləm tərəfindən qəbul etdirilməsində davamlı və daha qətiyyətli iş aparılması əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir.

 

Eyniliklə, ölkə başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik səyləri və qayğısı ilə sürətlə dirçələn Qarabağımızın, nəinki ölkəmizin, bütün regionun ən inkişaf etmiş və çiçəklənmiş bölgəsinə çevrilməsi hədəfimizdir.

 

Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin bundan sonra da dünya müstəvisində qətiyyətli şəkildə müdafiə olunması və beynəlxalq sərhədlərimiz çərçivəsində ölkəmizin, xalqımızın inkişafına yönəlik səylərin davam etdirilməsi eyni dərəcədə zəruridir.

 

Əminik ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan xalqının birliyinə, Azərbaycanın dövlətinin milli maraqlarına əsaslanan uğurlu xarici siyasəti xalqımıza yeni-yeni Zəfərlər bəxş edəcəkdir.

 

Diqqətinizə görə təşəkkür edirəm!

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti