No:586/22, Xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşünə dair mətbuat məlumatı

15 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.
 
İlk öncə Kubanıçbek Ömüralıyevi Türk Dövlətləri Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbrik edən nazir Ceyhun Bayramov ona bu məsuliyyətli işində uğurlar arzulayıb, təşkilat çərçivəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Nazir 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatının böyük inkişaf yolu keçdiyini, bu gün beynəlxalq səviyyədə önəminin daha da artdığını vurğulayaraq yüksək səviyyəli görüşlərin əhəmiyyətindən bəhs edib. Dünyada  baş verən sürətli proseslər fonunda istər ortaya çıxan yeni çağırışlarla mübarizənin səmərəli təşkili, istərsə də yeni fürsətlərin xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə reallaşdırılması məqsədilə təşkilatın mühüm platforma olduğu bildirilib. Ölkəmizin təşkilata üzv ölkələrlə əməkdaşlığa yüksək əhəmiyyət verdiyi, qarşılıqlı əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin xarici siyasətimizin əsas prioritetlərindən biri olduğu vurğulanıb.

 

Görüşdə həmçinin, nazir C.Bayramov Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz nəticəsində qəsdən ölkəmizin mədəni irsinin məhvi, talan edilməsi və mənimsənilməsindən bəhs edib. Habelə, ötən müddət ərzində ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının Ermənistanın bu illər ərzində danışıqları imitasiya etməsinin göstəricisi olduğunu diqqətə çatdırıb.

 

Kubanıçbek Ömüralıyev Azərbaycanın təşkilat çərçivəsində aktiv fəaliyyətini və dəstəyini yüksək qiymətləndirib. Kommunikasiya və nəqliyyat qovşaqlarının açılması ilə bölgədə yaranacaq yeni imkanların üzv dövlətlər arasında iqtisadi potensialın daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

 

Görüşdə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi məmnunluqla qeyd olunub. Şuşa şəhərinin ev sahibliyi edəcəyi birgə tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti