No:568/22, “Azərbaycan Respublikası və Avropa Şurası arasında əməkdaşlığın 20 illiyi”nə həsr olunmuş tədbir barədə mətbuat məlumatı
9 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, ADA Universiteti və Avropa Şurasının Bakı Ofisinin birgə təşkilatçılığı ilə “Avropa Şurasının hekayəsini danışaq: Avropa Şurası həftəsi vasitəsilə görüntünün artırılması” adlı təşəbbüs çərçivəsində “Azərbaycan Respublikası və Avropa Şurası arasında əməkdaşlığın 20 illiyi”nə həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbir zamanı, həmçinin təşkilatla əməkdaşlığı əks etdirən foto-sərgi nümayiş etdirilib.
Tədbirin açılışında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko çıxış edib, Avropa Şurasının Baş katibinin müavini Byorn Bergenin video-müraciəti səsləndirilib.
Dəyirmi masada Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq üzrə Fəaliyyət Planları, habelə digər birgə proqramlar çərçivəsində həyata keçirilən layihələr barədə məlumat təqdim olunub. Avropa Şurasının Azərbaycan üzrə 2022-2025-ci illəri əhatə edəcək Fəaliyyət Planında əməkdaşlığın yeni prioritetləri sırasına süni zəka, ətraf mühitin qorunması, dözümlülüyün təşviq edilməsi və ayrı-seçkiliyin qarşısının alınması, insan alveri və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə kimi sahələrin əlavə edildiyi çıxışlarda qeyd olunub.
İnsan hüquqları və əsas azadlıqların qorunmasının Azərbaycan Hökumətinin gündəliyində duran əsas istiqamətlərdən biri olduğu vurğulanıb. Azərbaycanın bu sahədə vacib beynəlxalq sənədlərə qoşulmaqla və milli qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmaqla yanaşı, ölkədə qanunun aliliyinin təmin olunması sahəsində son illər ərzində çoxsaylı mühüm addımlar atıldığı bildirilib.
Tədbirdə Avropa Şurası ilə əməkdaşlıq edən dövlət qurumları, akademik dairələr, media və vətəndaş cəmiyyətinin, diplomatik korpusun nümayəndələri, habelə, ADA Universitetinin tələbələri iştirak edib.