No:523/23, Nazir Ceyhun Bayramovun Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşünə dair mətbuat məlumatı

20 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Serbiya Respublikasının Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb.

 

Görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıqdan irəli gələn məsələlər, xüsusilə imvestisiyalar, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları, habelə bölgədəki son vəziyyət ətrafında müzakirələr aparılıb, ölkəmizin Qarabağ regionunda lokal anti-terror əməliyyatını şərtləndirən səbəblərdən bəhs olunub.

 

Nazir Ceyhun Bayramov bu gün bölgədə artan gərginliyin əsas səbəbinin Azərbaycanın cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan və onun Azərbaycanın suveren ərazilərində qurduğu qondarma rejimin sülh və normallaşma prosesinə xələl gətirən israrla davam etdirdiyi təhrikçi və təxribatçı əməllərinin olduğunu bildirib.

 

19 sentyabr tarixində qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Xocavənd rayonu ərazisində mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olduğu, Erməni silahlı qüvvələrinin bu kimi təxribatlarla kifayətlənməyərək bölgədə vəziyyəti daha da gərginləşdirmək, terrorçuluqla məşğul olmaq məqsədilə döyüş mövqelərini daha da gücləndirdiyi, bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

 

Nazir Ceyhun Bayramov silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal anti-terror əməliyyatının müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığını, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək, Üçtərəfli bəyanatın müddəalarının icrasını təmin etmək, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarmaq məqsədi daşıdığını qeyd edib.

 

Mülki əhalinin heç bir halda hədəf alınmadığını vurğulayan nazir onların hərbi obyektlərdən kənar durmasına, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək verməməsinə dair çağırışlar edildiyini, əhalinin Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsinin  təşkil olunduğunu diqqətə çatdırıb.

 

Beynəlxalq tərəfdaşlar tərəfindən Azərbaycanın suveren ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış edilməsinin, qeyri-qanuni rejimin buraxılmasına vurğu edilməsinin, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatlarının və terror aktlarının qətiyyətlə pislənməsinin və onların qarşısı alınmasının vacibliyi vurğulanıb.

 

Görüş zamanı, tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə dəstək ifadə ediblər. 

 

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti