No:518/24, COP29-da fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilmiş Xarici İşlər Nazirliyinin əməkdaşlarına təşəkkürnamələrin təqdim olunması tədbirinə dair mətbuat məlumatı
28 dekabr 2024-cü il tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunmuş Xarici İşlər Nazirliyi əməkdaşlarına təşəkkürnamələrin təqdim edilməsi tədbiri keçirilib.
Tədbir zamanı 25 dekabr 2024-cü il tarixində ölkəmizin Bakı-Aktau reysini yerinə yetirən təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması nəticəsində vəfat edən şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının bütün xalqımızı dərindən sarsıtdığını və kədərləndirdiyini diqqətə çatdıraraq, qəza nəticəsində həyatını itirən şəxslərə Allahdan rəhmət, yaralananlara isə şəfa arzulayıb.
11-22 noyabr tarixlərində Bakı şəhərində keçirilən COP29-un uğurlu təşkilində əməyi keçən bütün əməkdaşlara təşəkkür edilib, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzu olunub.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilən Xarici İşlər Nazirliyi əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.