No:516/23, Nazir Ceyhun Bayramovun Latviya Respublikasının xarici işlər naziri Krişyanis Karins ilə görüşünə dair mətbuat məlumatı

20 sentyabr 2023-cü il tarixində BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının xarici işlər naziri Krişyanis Karins ilə görüşüb.

 

Görüşdə, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən Qarabağ bölgəsində keçirilən antiterror tədbirlərinin nəticələri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sözügedən tədbirlər nəticəsində bölgədə sülh və təhlükəsizliyə hədə olan qeyri-qanuni erməni silahlı birləşmələrinin buraxıldığı diqqətə çatdırılıb. Görülən antiterror tədbirləri çərçivəsində mülki şəxslərin hədəf alınmadığı, bu xüsusda onların təhlükəsizliyinin təmini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib.

 

Nazir Ceyhun Bayramov, beynəlxalq hüquq və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq suveren ərazilərimizdə mövcudluğunu davam etdirən qeyri-qanuni qüvvələrin buraxılmasının həm də Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin də cəmiyyətimizə reinteqrasiyası prosesinin qarşısında duran ən böyük çağırışın aradan qaldırılması olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycanın erməni sakinlərin hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq mexanizmlər əsasında təmin etmək əzmində olduğu diqqətə çatdırılıb.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti