No:511/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Şərq Tərəfdaşlığı Zirvə toplantısının Birgə Bəyannaməsinə Azərbaycanın qeyd şərti ilə bağlı sualını cavablandırır.

Cavab: Məlum olduğu kimi, 15 dekabr 2021-ci il tarixində Brüssel şəhərində Şərq Tərəfdaşlığının 6-cı Zirvə toplantısı keçirilib və tədbirin yekununda birgə bəyannamə qəbul edilib.

 

Bəyannamədə Azərbaycan üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər əks olunub, o cümlədən Aİ bütün tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyib, Azərbaycan – Aİ yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar alqışlanıb, Aİ-yə qaz təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfə baxımından Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşdırılması alqışlanıb. 

 

Birgə Bəyannamədə, həmçinin pandemiyanın qarşısının alınması, onun nəticələrinin yumşaldılması və aradan qaldırılmasında qlobal həmrəylik, gücləndirilmiş əməkdaşlıq və çoxtərəfliliyə çağırış edilib. Bu, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVİD-19 ilə mübarizə istiqamətində fəaliyyət prioritetləri ilə uyğunluq təşkil edir.

 

Onu da vurğulamaq istərdik ki, Azərbaycan hər zaman Şərq Tərəfdaşlığı proqramının qarşıdurma məzmununda qurulmasının əleyhinə olmuşdur. Bu prinsip Birgə Bəyannamənin özündə də əks olunmuşdur. Burada qeyd olunur ki, ŞT konstruktiv əməkdaşlığa əsaslanır və heç kimə qarşı yönəlməmişdir. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, Aİ üzv ölkələri və tərəfdaş ölkələr üçüncü ölkələrlə münasibətlərində müşahidə olunan çağırış və çətinlikləri ŞT proqramına gətirməməlidirlər. Digər tərəfdən, ŞT proqramı yalnız tərəfdaş ölkələrin Aİ ilə münasibətlərinə deyil, eyni zamanda onların özləri arasında münasibətlərinin inkişafına xidmət etməlidir. ŞT proqramı tərəfdaş ölkələrin üçüncü ölkələrlə bu proqramdan kənarda qurduğu yüksək səviyyəli münasibətlərə xələl gətirən siyasət yürütməməlidir. 

 

Birgə Bəyannamədə Belarusla bağlı əks olunmuş fikirlərin Azərbaycanın xarici siyasət prinsiplərinə uyğun olmaması səbəbindən Azərbaycan, Birgə Bəyannaməni öz qeyd-şərti ilə qəbul etmişdir. Yəni, Azərbaycan Belarusla bağlı 11-ci bənddəki mövqeyi bölüşmədiyini bildirmişdir.

 

Azərbaycanın digər qeyd şərti Birgə Bəyannamənin texniki əlavəsində “münaqişənin təsirinə məruz qalan ərazilər”lə bağlı olmuşdur. Belə ki, sənəddə bildirilir ki, Aİ paytaxtlardan kənarda, münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verəcəkdir. Azərbaycan isə verdiyi qeyd-şərtdə həmin ərazilərdə fəaliyyətin ərazinin məxsus olduğu ölkənin müraciəti və razılığı ilə həyata keçirilməsinin zəruriliyini vurğulamışdır. Bu mövqe isə bilavasitə beynəlxalq hüquqa və dövlətlərin suveren hüquqlarına əsaslanır.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti