No:507/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Xarici İşlər Nazirliyinin diplomatları üçün keçirilən növbəti təlim haqqında məlumatı
5 oktyabr – 7 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universiteti arasında diplomatik xidmət orqanları əməkdaşlarının ixtisas biliklərinin artırılması istiqamətində davam etdirilən əməkdaşlıq çərçivəsində həyata keçirilən Xarici Siyasət Proqramı (AFSP) üzrə növbəti təlim proqramı başa çatıb. Ötən illərdən fərqli olaraq sözügedən tarixlərdə keçirilən proqram həm onlayn, həm də oflayn formatda təşkil olunub.
Proqramda ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində, həmçinin Xarici İşlər Nazirliyində fəaliyyət göstərən, ümumilikdə 105 nəfər əməkdaş iştirak edib. Yeni formatda təşkil edilən proqram keçmiş illərdən fərqli olaraq, 44 günlük Vətən müharibəsindən sonra qarşımıza qoyulmuş hədəf və məqsədləri özündə əks etdirən mövzular üzərində qurulub. Proqramda həm yerli, həm də xarici ekspertlər mühazirələrlə çıxış edib.
7 dekabr tarixində ADA Universitetində keçirilən məzuniyyət tədbirində proqram iştirakçıları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov və ADA Universitetinin Prorektor müavini Aygün Hacıyeva tərəfindən sertifikatla təltif edilib.