news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 noyabr 2022

No:505/22, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirə dair mətbuat məlumatı

5 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları və media nümayəndələri iştirak edib.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş videoçarx nümayişi ilə davam etdirilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun mətinliyi və mübarizliyi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.  

 

30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti nəticəsində minlərlə azərbaycanlının öz torpaqlarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumat verən nazir, post-münaqişə dövründə Ermənistanın hələ də sülh prosesi istiqamətində səylərdə destruktiv mövqe sərgilədiyini diqqətə çatdırıb.

 

Nazir Ceyhun Bayramov, Azərbaycanın qalib dövlət kimi 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan Üçtərəfli Bəyanatın icrası istiqamətində səylərinə, Azərbaycanın məcburi köçkünlərin geri qayıdışı, bölgədə kommunikasiyaların açılması və işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmasına baxmayaraq, Ermənistanın Üçtərəfli Bəyanatın bir sıra müddəalarının icrasından boyun qaçırdığını, sülh quruculuğu prosesinə xələl gətirən təxribatlar törətdiyini, işğaldan azad olunmuş əraziləri minalamağa davam etdiyini bildirib.

 

Nazir, həmçinin cari ildə keçirilən diplomatik xidmət orqanlarına qəbul imtahanlarından müvəffəqiyyətlə keçərək əmək fəaliyyətinə başlayan, Tərtər, Talış kəndi, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edən, “Suqovuşanın işğaldan azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Valeh Vüqar oğlu Salmanovun da tədbir iştirakçıları arasında olduğunu xüsusi vurğulayıb.

 

Daha sonra çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov beynəlxalq hüquqi müstəvidə Ermənistana qarşı həyata keçirilən məhkəmə işləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Azərbaycan Respublikası tərəfindən qaldırılmış əsas vəsatətlər təmin olunduğu halda, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülən bir sıra iddiaların, o cümlədən saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına, 12-13 sentyabr 2022-ci ildə Ermənistanın hərbi təxribatları zamanı saxlanılmış erməni hərbçilərinə münasibətdə yeni Məhkəmə qərarının qəbul edilməsinə dair vəsatətlərin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edildiyi bildirilib. Nazir müavini, sözügedən qərarların Ermənistanın beynəlxalq hüquqi müstəvidə uğursuzluğunun göstəricisi olduğunu vurğulayıb. Azərbaycanın bundan sonra da beynəlxalq hüquqi müstəvidə Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşıması istiqamətində səylərini davam edəcəyi vurğulanıb.

 

Zəfər Gününə həsr olunmuş tədbirdən sonra keçirilən geniştərkibli iclas çərçivəsində nazir Ceyhun Bayramov "Azərbaycan diplomatiyası: çağırışlar və prioritetlər" mövzusunda təqdimatla çıxış edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti