No:497/24, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda keçirilmiş təlimə dair mətbuat məlumatı

13 dekabr 2024-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib.

 

Təlimdə əsas məqsəd ölkəmizə qarşı bilərəkdən və qərəzli formada həyata keçirilən qara piar və dezinformasiya kampaniyalarının önünə keçmək, medianın mümkün təhdidlər qarşısında operativlik və məlumatlılığının artırılmasına töhfə verməkdir.

 

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev xarici siyasət sahəsində media təlimlərinin təşkil edilməsinin sözügedən sahə üzrə ixtisaslaşan jurnalistlərdə məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətli olduğunu qeyd edib. Onun sözlərinə görə, media təmsilçilərinin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması milli maraqlarımızın beynəlxalq müstəvidə düzgün işıqlandırılması baxımından vacibdir.

 

Mətbuat nümayəndələri üçün təlimlərin vacibliyinə toxunan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məqsəd həm də jurnalistlərin ekspert kimi yetişdirilməsi və analitik yanaşmalarının təkmilləşdirilməsidir.

 

Birinci hissədə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycanın qonşu dövlətlər və qlobal güc mərkəzləri münasibətləri: çağırışlar və imkanlar”, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Azərbaycan- Ermənistan sülh prosesi: fürsətlər və əngəllər”, BMTM-in şöbə müdiri Cavid Vəliyev “Azərbaycan xarici siyasətində Türk Dövlətləri Təşkilatı” mövzularında çıxış etdilər.

 

İkinci hissədə isə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Əkrəm Zeynallı “Azərbaycan-Çin münasibətləri yeni mərhələdə: gözləntilər”, BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli “Donald Tramp dövründə ABŞ-Azərbaycan münasibətləri: əngəllər və fürsətlər” mövzularında çıxış etdilər.

 

Təlim zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb. 

 

Təlimdə 11 media təmsilçisi iştirak edib.

 

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti