No:494/24, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan əleyhinə bəyanatına dair şərhi
11 dekabr 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.
Təəssüf ki, son 4 il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir.
Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur.
Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq.