No:469/24, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Gürcüstan Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələrinə dair mətbuat məlumatı

2 dekabr 2024-cü il tarixində Tbilisi şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Gürcüstanın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib. 

 

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Gürcüstan nümayəndə heyətinə isə Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Qiorqi Tabatadze rəhbərlik edib. 

 

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, hər iki ölkənin xarici siyasət qurumunun məsul əməkdaşları, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin, Gürcüstanın Ədliyyə və Daxili İşlər nazirliklərinin rəsmiləri iştirak ediblər.

 

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması barədə fikir mübadiləsi aparılıb.

 

Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, yaranmış çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.

 

Azərbaycan Respublikası ilə Gürcüstan arasında ədliyyə, miqrasiya, təhsil, humanitar, sosial müdafiə və digər vacib sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılaraq, müvafiq sahələr üzrə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin vacibliyini vurğulayıblar. 

 

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti