No:457/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasında çıxışı barədə məlumatı

24 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib. 

 

Çıxışda aşağıdakı əsas fikirlər səsləndirilib:

 

Azərbaycan artıq 30 ildir ki, BMT-nin üzvüdür və bu illər ərzində BMT Nizamnaməsinin, beynəlxalq hüququn prinsiplərinə sadiq olduğunu nümayiş etdirib. Buna baxmayaraq, Azərbaycan BMT-yə üzvlüyünün ilk illərindən etibarən Ermənistan tərəfindən təcavüz və işğala məruz qalıb, ərazi bütövlüyü pozulub və bu fakt BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb. 

 

2020-ci ildə, Azərbaycan Ermənistanın növbəti irimiqyaslı hərbi təxribatına cavab olaraq, BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazilərini işğaldan azad edib. Bu xüsusda, 10 noyabr 2020-ci il tarixində münaqişəyə son qoyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı imzalanıb. 

 

Hazırda, Azərbaycan işğaldan azad olunmuş ərazilərində məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına istiqamətlənən bərpa və quruculuq işləri aparmaqdadır.

 

Bugün Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması istiqamətində göstərdiyi səylərə baxmayaraq, qarşı tərəf normallaşma prosesini pozmaq üçün mütəmadi təxribatlara əl atır, bu təxribatlar da regional sülh və təhlükəsizliyi hədə altında qoyur. 

 

Ermənistan sentyabrın 12-dən 13-nə keçən gecə iki dövlət arasında delimitasiya olunmamış sərhəd boyunca növbəti hərbi təxribata əl atıb. Azərbaycan bu təxribata cavab olaraq öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidin neytrallaşdırılması üçün adekvat tədbirlər görüb.

 

Ötən günlərdə Ermənistan tərəfinin BMT Baş Assambleyasında çıxışı bir daha bu ölkənin münasibətlərin normallaşdırılmasına deyil, qarşıdurmanın davam etdirilməsinə yönəldiyini göstərib. 

 

Regionumuza faciə gətirən keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində sülh quruculuğu işlərinin aparılması vacibdir və Azərbaycan tərəfi buna sadiqdir.

 

Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək məqsədilə bir sıra beynəlxalq təşkilatlarla birgə təşəbbüslər həyata keçirib. Azərbaycan bütün ölkələr və beynəlxalq təşkilatları bu təşəbbüslərə qoşulmağa dəvət edir.

Azərbaycan həm milli, həm də beynəlxalq səviyyədə pandemiyanın fəsadlarının aradan qaldırılması üçün bir sıra təşəbbüslər irəli sürüb. 

 

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri BMT üzv dövlətləri tərəfindən dəstəklənib. Azərbaycan bundan sonra da pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində səylərini əsirgəməyəcək. 

 

Bugün Azərbaycan həm milli səviyyədə, həm də Qoşulmama Hərəkatının hazırki sədri qismində beynəlxalq sülh və təhlükəsizliyə, qlobal həmrəylik və çoxtərəfli münasibətlərin genişlənməsinə, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına öz töhfəsini verməyə davam edir.

 

Çıxışın tam mətni ilə buradan tanış ola bilərsiniz.

 

 

 


 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti