No:454/24, Nazir Ceyhun Bayramovun Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinreym ilə görüşünə dair mətbuat məlumatı
16 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinreym ilə görüşüb.
Görüşdə Azərbaycan və Norveç arasında əməkdaşlığın perspektivləri, ölkəmizin COP29 sədrliyindən irəli gələn məsələlər, eləcə də regional vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov COP29 sədrliyimiz, aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ölkəmizin iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində apardığı səyləri nəticəsində COP29-un ilk günündə sessiyanın gündəliyinin razılaşdırılmasının gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Danışıqlar prosesində bugünədək Paris Sazişinin 6.4-cü maddəsi, habelə çoxtərəfli maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıqların əldə olunduğu diqqətə çatdırılıb.
Qarşı tərəf həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və postmünaqişə dövründə bölgədə vəziyyət, habelə ölkəmizin sülh səyləri barədə məlumatlandırılıb. Bununla yanaşı, Ermənistanın yaratdığı mina təhdidi diqqətə çatdırılıb.
Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.