No:450/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Barbados və Qvatemalanın xarici işlər nazirləri ilə görüşlərinə dair məlumatı

Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Barbadosun xarici işlər və xarici ticarət naziri Senator Dr. Jerom Xavier Volkot və Qvatemalanın xarici işlər naziri Mario Bukaro ilə görüşlər keçirib.

 

Görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində və digər beynəlxalq platformalarda fəaliyyət və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov sözügedən ölkələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və bu çərçivədə gələcək planlar barədə həmkarlarını məlumatlandırıb.

 

Qarşı tərəf Azərbaycanla həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın genişləndirilməsi niyyətində olduqlarını bildiriblər.

 

Nazir 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən görülən işlər barədə həmkarlarını məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı son təxribatlarının sülh gündəliyinə maneçilik törətmək və prosesləri ləngitmək məqsədi daşıdığı vurğulanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti