No:448/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovla Belçika Krallığının Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib arasında keçirilmiş görüş barədə məlumatı
23 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşüb.
Görüş zamanı, Azərbaycan ilə Belçika arasında ikitərəfli əməkdaşlıq münasibətləri, həmçinin Avropa İttifaqı ilə tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb, Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin regiondakı son vəziyyəti müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin təxribatlarının liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini qeyd edib. Nazir, Azərbaycanın sülh gündəliyini irəli aparmaq üçün ardıcıl addımlar atdığını qarşı tərəfin diqqətinə çatdırıb.
Belçika naziri vəziyyətin sabitləşməsinin zəruri olduğunu bildirib. Atəşkəsə əməl edərək, normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasının zəruriliyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.