No:442/25, Nazir Ceyhun Bayramovun San Marino Respublikasının xarici işlər, siyasi məsələlər, beynəlxalq iqtisadi əməkdaşlıq və rəqəmsal keçid naziri Luka Bekkari ilə görüşünə dair mətbuat məlumatı

27 noyabr 2025 20:05

27 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində San Marino Respublikasının xarici işlər, siyasi məsələlər, beynəlxalq iqtisadi əməkdaşlıq və rəqəmsal keçid naziri cənab Luka Bekkari ilə görüşüb.

 

Görüş zamanı Azərbaycan–San Marino münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhələşmələr mexanizminin, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi üçün imkanların mövcud olduğunu vurğulayıblar.

 

Nazirlər iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi, investisiya imkanlarının araşdırılması, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın təşviqi üçün qarşılıqlı maraq ifadə ediblər. 

 

Nazir Ceyhun Bayramov Azərbaycanın regionda sülh və sabitlik naminə həyata keçirdiyi təşəbbüslər, Ermənistanla normallaşma prosesi, o cümlədən Vaşinqton Birgə Bəyannaməsi çərçivəsində əldə olunmuş razılaşmalar və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə həmkarına məlumat verib.

 

Görüş zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Yaxın Şərqdə vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti