No:435/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovla Şimali Makedoniya Respublikasının Baş naziri Dimitar Kovaçevski arasında keçirilmiş görüş barədə məlumatı
22 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Respublikasının Baş naziri Dimitar Kovaçevski ilə görüşüb.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələr və regional vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanla Şimali Makedoniya arasında ikitərəfli dostluq münasibətlərindən məmnunluğunu bildirib. Azərbaycan tərəfindən energetika sahəsində həyata keçirilən işlər və gələcək planlar qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir, 30 il ərzində ərazilərimizin işğalı, şəhər və kəndlərin dağıdılması, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən işlər, habelə Ermənistan tərəfinin son təxribatları ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.
Baş nazir Dimitar Kovaçevski ölkələrimiz arasında münasibətlərin daha da inkişafında maraqlı olduqlarını, qurumlar arasında dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. Azərbaycanın Avropanın enerji təminatına töhfəsi xüsusi vurğulanıb.
Tərəflər, həmçinin ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.