No:431/24, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın “Hetq” media qurumuna müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar barədə yerli medianın sualına cavabı

Sual: 28 oktyabr 2024-cü il tarixində Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi “Hetq” media qurumuna müsahibəsində Azərbaycan əleyhinə bir sıra iddialar səsləndirib. Bu açıqlamalara münasibətinizi öyrənmək istərdik?

 

Cavab: Elementar diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir.

 

Müsahibədə Azərbaycan ərazisində işğala və separatçılığa son qoyan tədbirlərin hədəf alınması, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.

 

Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti