No:427/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Fransa Respublikasının xarici işlər naziri Jan Iv Lö Drian ilə görüşünə dair məlumatı

10 noyabr 2021-ci il tarixində Parisə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian ilə görüşüb.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Jan İv Lö Drian Fransının Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər ikitərəfli əməkdaşlığın xüsusilə iqtisadi, eləcə də təhsil sahələrində inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər və bu xüsusda qarşılıqlı maraq ifadə edilib.

Nazir Lö Drian Azərbaycana minaların təmizlənməsi prosesinə yardım etməyə hazır olduğunu bəyan edib və bu xüsusda, ANAMA ilə əməkdaşlığa hazırlıq ifadə edilib. Həmçinin, birinci Qarabağ müharibəsindən itkin düşən şəxslərin axtarışı ilə əlaqədar prosesin Fransa üçün əhəmiyyət kəsb etdiyi qeyd edilib. Nazir Lö Drian, habelə Azərbaycan və Ermənstan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini bildirib və ATƏT-in Minsk Qrupunun bu xüsusda önəmli format ola biləcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəiyyət, münaqişə sonrası mərhələdə Azərbaycanın sərgilədiyi mövqeyi barədə, eləcə də üçtərəfli bəyanatların icrası və Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli şəkildə atılan addımlara dair qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycanın humanitar sahədə aidiyyəti beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO ilə əməkdaşlığı barədə fransız həmkarını məlumatlandırıb.

Görüşdə nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti