No:424/23, Nazir Ceyhun Bayramovun İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Goşeh ilə görüşünə dair mətbuat məlumatı
3 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Sami Asem Goşehin ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov, fəaliyyəti müddətində Azərbaycan və İordaniya arasında münasibətlərin inkişafında göstərdiyi səylərə görə səfir Sami Asem Goşehə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar, mədəniyyət, turizm və s. sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir Ceyhun Bayramov, əlaqələrin inkişafında qarşılıqlı təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib. Regional və beynəlxalq təşkilatlar və platfotmalar, o cümlədən Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Səfir Sami Asem Goşeh, Azərbaycanda səfir qismində diplomatik fəaliyyətdə olduğu müddət ərzində ölkəmiz tərəfindən irəli sürülən qlobal təşəbbüslərin təqdirəlayiq olduğunu bildirib. İordaniya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə daha sıx əməkdaşlıq üçün perspektivlərin olduğu, bu xüsusda iki ölkə arasında təmasların davam etdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.