No:414/24, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa tərəfindən “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan Kemi Sebanın həbsi ilə bağlı yerli medianın sualına cavabı

Sual: Məlum olduğu kimi, bu yaxınlarda “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan fəal Kemi Seba Fransada həbs olunublar. Onlara qarşı bir sıra ittihamlar irəli sürülüb. Fransanın bu addımını necə şərh edərdiniz?
 
Cavab: “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən saxlanılması və onlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi Fransada fundamental insan haqlarının pozuntusudur. Bu şəxslərin siyasi əqidəsinə və fikirlərinə görə təqib olunması qəbuledilməzdir.
 
Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli şəkildə aparmalı və beynəlxalq ictimaiyyət müvafiq olaraq məlumatlandırılmalıdır.  
 
Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, onlara müvafiq qiymət verilməlidir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti