No:414/23, Nazir Ceyhun Bayramovun Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzoda ilə görüşünə dair mətbuat məlumatı
28 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzodanı qəbul edib.
Səfir Abdurahmon İlham Barotzoda etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində qarşılıqlı hörmət, dostluq və həmrəyliyə əsaslanan münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu bildirib. Bu xüsusda, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, intensiv təmasların rolu vurğulanıb.
Səfir Abdurahmon İlham Barotzoda, səmimi qəbula və təbrikə görə nazir Ceyhun Bayramova təşəkkür edib, fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələn səyləri əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maral doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.