No:409/25, Nazir Ceyhun Bayramovun Oman Sultan ofisinin naziri general Sultan bin Məhəmməd Al Numani ilə görüşünə dair mətbuat məlumatı
29 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Sultan ofisinin rəhbəri general Sultan bin Məhəmməd Al Numani ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Oman arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iqtisadi, ticarət, investisiya, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin yeni mərhələyə yüksəldilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Səfirliyimizin təsis edilməsinin, bu ilin əvvəlində aparılmış Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin, Parlamentlərarası dostluq qruplarının yaradılmasının, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun iki ölkə arasında münasibətlərin genişlənməsinin bariz nümunələri olduğu vurğulanıb.
Beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub və bu platformalarda qarşılıqlı dəstəyin və birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.