No:405/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Avropa Regional Bürosunun direktor müavini Angela Li Rosi ilə görüşünə dair məlumatı
29 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Avropa Regional Bürosunun direktor müavini Angela Li Rosinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə, həmçinin Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov iştirak edib. Görüş zamanı 24-29 oktyabr 2021-ci il tarixlərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə A. Li Rosinin başçılığı ilə həyata keçirilən BMTQAK missiyasının nəticələri müzakirə edilib.
A. Li Rosi BMTQAK-a Azərbaycan tərəfindən göstərilən dəstəyə və yüksək səviyyəli əməkdaşlığa görə təşəkkürünü ifadə edib. O, səfərin məqsədinin məcburi köçkünlər və qaçqınların geri qayıdışının şərtlərinin və perspektivlərinin, habelə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda BMTQAK üçün nəzərdə tutulan rolun konkret aspektlərinin müzakirə edilməsi olduğunu bildirib. Missiyanın Ağdam, Tərtər, Bərdə, Füzuli, Cəbrayıl və Zəngilana səfər etdiyini və Azərbaycan qarşısında bu ərazilərin bərpası ilə əlaqədar duran vəzifənin miqyasını öz gözləri ilə gördüklərini bildirən A. Li Rosi, mina ilə çirklənmənin yüksək olmasına baxmayaraq, hökumət tərəfindən sürətlə həyata keçirilən bərpa işlərinin təqdirəlayiq olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov ölkəmizdə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış geniş miqyaslı məcburi köçürülmə problemi barədə qonaqlara məlumat verərək, məcburi köçkünlərin adam başına düşən sayına görə dünyada ilk yerlərdən birini tutan Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində görülmüş işlər barədə qonaqlara məlumat verib. Humanitar təşkilatların ölkəmizdəki fəaliyyətinə yaradılmış şəraitdən bəhs edən nazir, Azərbaycanın BMTQAK-la əməkdaşlığa önəm verdiyini, bu təşkilat tərəfindən 1990-cı illərdə qaçqın və məcburi köçkünlərə göstərilən yardımın unudulmadığını vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi barədə qonaqları məlumatlandıran Ceyhun Bayramov, ötən ilin noyabrından bəri Azərbaycanda 167 şəxsin mina qurbanına çevrildiyini, onların içində öz doğma torpaqlarını görməyə səbirsizlənən məcburi köçkünlərin olduğunu və mina xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsinin məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün önəmli olmasını vurğulayıb.
Görüşdə tərəflər, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar, avtomobil və dəmir yollarının, infrastrukturun sürətli bərpası, “ağıllı kənd” modeli əsasında bərpa edilən kəndlər və Füzuli şəhərində qısa müddətdə beynəlxalq hava limanının inşa edilməsi müzakirə edib, məcburi köçkünlərin öz doğma torpaqlarına ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək üçün əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.