No:403/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı

7 noyabr 2020-ci il tarixində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Bərdə rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutulub.

Mövcud humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan Azərbaycanlı dinc əhalini hədəfə almaqla, beynəlxalq humanitar hüququ və öz öhdəliklərini heçə sayaraq cinayət əməllərini davam etdirir.

Bu gün Bərdə rayonunun Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1 mülki şəxs, 16 yaşlı yeniyetmə həlak olub, beləliklə də 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı yeni təcavüzü nəticəsində həlak olan Azərbaycanlı mülki şəxslərin sayı 93-ə çatıb.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq və beynəlxalq vasitəçilərin davamlı səylərinə hörmətsizlik nümayiş etdirərək təcavüz siyasətini davam etdirməsini və dinc insanları atəşə tutmasını şiddətlə qınayırıq. Ermənistandan beynəlxalq ictimaiyyətin, o cümlədən BMT TŞ-nin qətnamələrinin tələblərinə uyğun olaraq, silahlı qüvvələrinin Azərbaycanın hələ də işğal altında olan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını tələb edirik. Bölgədə dayanıqlı sülh təmin olunması üçün vacib şərt işğal faktının aradan qaldırılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasından ibarətdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti