No:401/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığına dair məlumatı
14 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun qarşı tərəfin təşəbbüsü əsasında İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı baş tutub.
Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın beynəlxalq hüquq prinsiplərini, habelə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı əl atdığı növbəti genişmiqyaslı təxribatlar barədə məlumat verib. Azərbaycanın ərazi bütövlüyünə, hərbçilər və mülki şəxslərin təhlükəsizliyinə hədə törədən bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirlərinin görüldüyünü vurğulayan nazir, təxribatın qarşısının alınması zamanı 50 hərbçimizin şəhid olduğunu diqqətə çatdırıb. Azad olunmuş ərazilərimizdə böyük bərpa və quruculuq işlərinin getdiyi, habelə iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin göstərildiyi bir vaxtda Ermənistanın bu təxribatının sülh prosesinə ciddi xələl gətirdiyi qarşı tərəfin nəzərinə çatdırılıb.
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyin narahatlıq doğurduğunu bildirib və bölgənin yeni qarşıdurmaya hazır olmadığını ifadə edib. O, bölgə ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının İran üçün vacib olduğunu qeyd edib. Nazir Hüseyn Əmir-Abdullahian Azərbaycan və Ermənistan arasındakı məsələlərin sülh yolu ilə danışıqlar vasitəsilə həllinin tərəfdarı olduqlarını və İranın bu xüsusda köməklik göstərməyə hazır olduğunu söyləyib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.