No:401/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş və təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənmişdir.

BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası 10 iyul 2020-ci il tarixindən etibarən çağırılmış və xüsusi sessiyanın rəhbər qurumları haqqında müvafiq qərarlar qəbul edilmişdir. Xüsusi sessiyanın modallıqlarını müəyyən edəcək qətnamənin qəbulu üzrə mürəkkəb işin aparılması üçün Baş Assambleyanın sədri tərəfindən Azərbaycanın və Kanadanın BMT yanında Daimi Nümayəndələri həm-vasitəçi qismində təyin olunmuş və 3 ay ərzində BMT-nin 193 üzv dövlətinin iştirakı ilə intensiv və hərtərəfli danışıqlar aparılmışdır.

5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (Covid-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul etmişdir.

Qətnaməyə əsasən, Azərbaycan Respubikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixləridə keçirilməsi qərara alınır. Açılış, ümumi müzakirələr, BMT sisteminin agentliklərinin birgə xüsusi təqdimatı və bağlanış seqmentlərindən ibarət olan bu mühüm tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlüksizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də çıxışı nəzərdə tutulur.

Qeyd etmək istərdik ki, dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda və beynəlxalq gündəmin ən mühüm məsələlərindən biri olan Covid-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı ilk günlərdən etibarən qarşı çıxış edən Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışmış və qətnaməyə əsasən açılış hissəsində QH sədrinin çıxışının qarşısını alan addımlar atmağa cəhd etmişdir. Yenə də Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşmiş və onun bu cəhdi rədd edilmişdir.

Hazırda dünyada sağlamlıq, təhlükəsizlik və rifaha ciddi hədə törədən Covid-19 pandemiyasının görünməmiş və çoxtərəfli təsirləri ilə mübarizə aparmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması pandemiya ilə birlik, həmrəylik və çoxtərəfli əməkdaşlıq əsasında əlaqələndirilmiş şəkildə qlobal mübarizənin aparılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzaqgörən humanist xarici siyasətin növbəti parlaq qələbəsidir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti