No:394/23, Nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Yevdokimov ilə görüşünə dair mətbuat məlumatı

17 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri  Mixail Yevdokimovu qəbul edib.

 

Görüşdə səfir Mixail Yevdokimov etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

 

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səfir Yevdokimov Azərbaycanda fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

Görüş zamanı, Azərbaycan və Rusiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafının vacibliyi vurğulanıb.

 

Daha sonra, 44 günlük Vətən müharibəsindən sonra bölgədə vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq, iki ölkənin öz münasibətlərini, müstəqillik, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə sadiqlik əsasında qurduqları diqqətə çatdırılıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ermənistan tərəfinin mövqeyinə istinadən şərtləndirilməsinin qeyd olunan çərçivəyə uyğun olmadığı bildirilib.  

 

Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə “gərgin humanitar vəziyyət” yarandığı barədə iddiaların reallığı təhrif etdiyi vurğulanıb. Uzun müddət ərzində Rusiyanın da tərəf olduğu üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyət, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınması faktları xatırlanıb. Azərbaycan tərəfinin Laçın sərhəd buraxılış məntəqəsi yaratmasının suveren hüququ olduğu, qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıdığı bildirilib. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub. Azərbaycan tərəfi isə yenə də, erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.

 

Rusiya Federasiyası XİN-i tərəfindən qeyd edilən erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsinə gəldikdə, bu məsələnin Azərbaycanın milli qanunvericilik çərçivəsində həll olunacağı və bu məqsədlə erməni sakinlərlə dialoq təşəbbüsünün mövcudluğu qeyd edilib. 

 

Tərəflər daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti