No:385/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbir və sərgiyə dair məlumatı

7 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

 

Tədbirdə AR XİN-in rəhbər heyəti, Milli Məclisin üzvləri, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən yapon şirkətlərinin nümayəndələri, elmi-akademik dairələrin nümayəndələri, eləcə də digər qonaqlar iştirak edib.

 

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ümummilli lider Heydər Əliyevin 1998-ci ilin fevral ayında Yaponiyaya tarixi səfərinin iki ölkə arasında yüksək səviyyəli dialoqun qurulmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq, münasibətlərin hazırda uğurla inkişaf etdiyini bildirib. O, cari il ərzində XİN-lərarası siyasi məsləhətləşmələr və hökumətlərarası iqtisadi komissiyanın növbəti iclaslarının uğurla keçirildiyini qeyd edib. İkitərəfli münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın rolunu xüsusilə qeyd edən Elnur Məmmədov, ölkələrimiz arasında mövcud qarşılıqlı anlaşma mühitinin, əlaqələrin daha da möhkəmlənməsi, mövcud olan böyük potensialın həyata keçirilməsi üçün münbit şərait yaratdığını ifadə edib. Yaponiya tərəfinin azad olunmuş ərazilərimizin bərpası prosesində iştirakı məmnunluqla vurğulanıb.

 

Daha sonra çıxış edən Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Cuniçi Vada iki ölkənin coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq Yaponiya ilə Azərbaycan arasında bu cür mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqirəlayiq olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin müstəsna rolu olduğunu qeyd edən səfir Cuniçi Vada, Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələrin həyata keçirildiyini məmnunluqla vurğulayıb.

 

Tədbirdə, həmçinin Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yaponiyanın Baş naziri Fumio Kişida, habelə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Yaponiya xarici işlər naziri Yoşimasa Hayaşinin məktublarının mübadiləsi baş tutub.

 

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti