No:385/19, 1 dekabr 2019-cu il tarixində Qətər Dövlətinin paytaxtı Doha şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib
İclasda Azərbaycan tərəfini Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, qarşı tərəfi isə Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət Naziri Sultan bin Səd Əl-Mureyxi təmsil edib.
İclas zamanı Azərbaycan və Qətər ikitərəfli əməkdaşlığının bir sıra məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, turizm, elm-təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.
Qətərin Xarici İşlər üzrə Dövlət naziri Sultan bin Səd Əl-Mureyxi hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclasının Doha şəhərində baş tutmasının sevindirici hal kimi qiymətləndirərək, bu görüşlərin gündəmdə olan mühüm məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını diqqətə çatdırdı. S.Əl-Mureyxi ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafına böyük önəm verdiyini diqqətə çatdıraraq, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini bildirdi.
Öz növbəsində, Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan ilə Qətər arasında yüksək səviyyəli siyasi əlaqələrin mövcudluğunu qeyd edərək, siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərin inkişafı və diplomatik əlaqələrin daha da gücləndirilməsində roluna toxundu. Nazir müavini iki ölkə arasında yüksək səviyyəli səfərlərin mübadiləsinin əhəmiyyətindən bəhs edərək, bu xüsusda, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfərlərini qeyd etdi. R.Həsənov, həmçinin Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar və həyata keçirilən tədbirlər barədə müqabil tərəfə məlumat verdi.
Öz növbəsində nazir müavini R.Həsənov Ermənistanın işğalçı siyasətinin bölgədə təhlükəsizliyə ciddi hədə olduğunun bildirərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud vəziyyəti və danışıqlar prosesi barədə müqabil tərəfə müfəssəl məlumat verdi. Nazir müavini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün aradan qaldırılması, işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsi, eləcə də qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən BMT TŞ, həmçinin digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarını xatırlatdı. Bu xüsusda, R.Həsənov münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllində Azərbaycanın yanında olduğuna görə Qətər Dövlətinə minnətdarlığını ifadə etdi.
Öz növbəsində, S.Əl-Mureyxi Qətərin BMT TŞ-nin müvafiq qətnamələrini tam dəstəklədiyini və münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu vurğuladı. O, münaqişənin təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitlik üçün təhlükə yaratdığı fikri ilə razılaşaraq, münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd etdi. S.Əl-Mureyxi bildirdi ki, Qətər məsələ ilə əlaqədar bütün qərar və qətnamələrdə Azərbaycanın yanında olmuş və bundan sonra da olacaqdır.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı, siyasi məsləhətləşmələrin hər il keçirilməsi barədə razılıq əldə olundu.