No:384/24, Nazir Ceyhun Bayramovun BMT baş katibinin müavini, az inkişaf etmiş, dənizə çıxışı olmayan və kiçik ada ölkələri üzrə ali nümayəndəsi Rabab Fatima ilə görüşünə dair mətbuat məlumatı

27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT baş katibinin müavini, az inkişaf etmiş, dənizə çıxışı olmayan və kiçik ada ölkələri üzrə ali nümayəndəsi Rabab Fatima ilə görüşüb.

 

Görüş zamanı tərəflər Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq məsələlərini, habelə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətini və hazırlıq prosesini müzakirə ediblər.

 

Nazir Ceyhun Bayramov BMT və onun qurumları ilə əməkdaşlığın Azərbaycanın xüsusi diqqət ayırdığı istiqamətlərdən biri olduğunu və ölkəmizin Təşkilat tərəfindən həyata keçirilən layihələrdə fəal iştirak etdiyini bildirib. 

 

Regionda və dünyada sülh və təhlükəsizliyin qorunması, həmçinin BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə nail olunması məqsədilə müvafiq addımların atılması və digər üzv dövlətlərlə səylərin birləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllinə yönəlmiş koordinasiyalı fəaliyyətə hər zaman hazır olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

 

COP29 sədrliyimiz çərçivəsində sessiyaya hazırlıq işləri, aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov ölkəmizin inklüzivlik prinsipini rəhbər tutaraq, xüsusilə az inkişaf etmiş, dənizə çıxışı olmayan və kiçik ada ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə səylərinin dəstəklənməsini diqqət mərkəzində saxladığını bildirib.

 

Ali nümayəndə Rabab Fatima Azərbaycanın əməkdaşlığını və müvafiq layihələrdə iştirakını yüksək qiymətləndirib və birgə təşəbbüslərin dənizə çıxışı olmayan region ölkələrinin nəqliyyat imkanlarının genişləndirilməsinə töhfə verəcəyinə olan inamını ifadə edib. Eyni zamanda, “Dayanıqlı İnkişaf Məqsədləri”nin reallaşdırılması istiqamətində atılan addımların, xüsusilə də COP29-a sədrlik çərçivəsində görülmüş işlərin Azərbaycanın Təşkilatın işində uğurlu iştirakının göstəricilərindən olduğunu qeyd edib.

 

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti