No:380/24, Nazir Ceyhun Bayramovun Albaniya Respublikasının Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşünə dair mətbuat məlumatı

26 sentyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Albaniya Respublikasının Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb.

 

Görüşdə Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.

 

İki ölkənin dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan münasibətlərinin siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil və digər ölçülər üzrə gücləndirilməsi istiqamətində birgə səylərin göstərilməsinin əhəmiyyəti qeyd olunub.

 

Energetika sahəsində əməkdaşlığın ikitərəfli iqtisadi əlaqələrin əsas hərəkətverici qüvvəsi olduğu vurğulanıb. 

 

İkitərəfli münasibətlər ilə yanaşı, çoxtərəfli platformalar çərçivəsində mövcud qarşılıqlı faydalı əməkdaşlığın, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.

 

Qarşı tərəf həmçinin, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb. 

 

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti