No:370/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır

Sual: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü nəzərdə tutulubmu? Əgər görüş baş tutarsa burada hansı məsələlər müzakirə olunacaq?

Cavab: Bildiyiniz kimi, Azərbaycan tərəfi hər zaman dialoqa açıq olub və ölkəmiz hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir. Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik.

Biz post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik.

Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə 3 dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasiyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti