news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 dekabr 2017

No:370/17, Xarici İşlər Nazirliyinin 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışı (AZ/RU)

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən xarici siyasət prioritetləri, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və təlimatları, ölkəmizin müvafiq qanunları əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 2017-ci il ərzində Azərbaycan Respublikasının müstəqil, çoxistiqamətli, tarazlaşdırılmış və fəal xarici siyasəti davam etdirilib.

Bu il 28 may - Respublika Günü münasibətilə rəsmi qəbulda məzmunlu və əhatəli nitq ilə çıxış edən Prezident İlham Əliyev xarici siyasətimizi belə xarakterizə etdi: “Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Ermənistandan başqa heç bir ölkə ilə ikitərəfli formatda bizim problemimiz yoxdur. Biz bir çox üçtərəfli əməkdaşlıq formatları irəli sürdük”.

Azərbaycan Respublikasının xarici siyasəti milli maraqların beynəlxalq səviyyədə həyata keçirilməsi və qorunması, ölkəmizə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin qarşısının alınması, ölkəmizin beynəlxalq nüfuzunun və mövqeyinin daha da gücləndirilməsi, Azərbaycan ətrafında xoşməramlı regional əməkdaşlıq mühitinin yaradılması, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın təşviq edilməsi, dünya dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, enerji, nəqliyyat və iqtisadi diplomatiya siyasətimizin həyata keçirilməsi, Xəzər dənizi hövzəsində dostluq və əməkdaşlığın təşviqi, beynəlxalq təşkilatlar və çoxtərəfli əsasda fəal diplomatik işin aparılması, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin edilməsi, beynəlxalq sülh və təhlükəsizliyə, terrorizmə qarşı mübarizəyə töhfə verilməsi, multikultulturalizm, mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi, humanitar və mədəni diplomatiya kursumuzun davam etdirilməsi, dövlət qurumlarının beynəlxalq əməkdaşlığının əlaqələndirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə hüquqlarının müdafiə edilməsi və konsulluq dəstəyinin göstərilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin və diaspora fəaliyyətinin inkişaf etdirilməsi kimi məqsədlərə xidmət edib.

Azərbaycan müstəqil xarici siyasətini beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fəaliyyətlər, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Azərbaycana yaxın regionlarda yeni münaqişə ocaqlarının yaranması, beynəlxalq terrorizm təhlükəsinin artması, dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin artması, yerləşdiyimiz regionun geosiyasi çətinlikləri, Ermənistan, erməni lobbi dairələri və onları dəstəkləyən bəlli qüvvələrin beynəlxalq informasiya məkanında Azərbaycana qarşı apardıqları dezinformasiya, təxribatlar və hibrid müharibə əməlləri şəraitində həyata keçirir.

Ermənistanın Azərbaycana qarşı təcavüz və Azərbaycan ərazilərinin işğalını davam etdirməsi ölkəmizin təhlükəsizliyi üçün ən başlıca təhdid olaraq qalır.

Ermənistanın siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmaq, danışıqlarda iştiraka şərt qoymaq və nəticə etibarilə, Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu saxlamaq kimi destruktiv siyasətinin nəticəsi olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində irəliləyişə nail olmaq mümkün olmayıb.

Ermənistanın siyasi təxribat məqsədilə 20 fevral 2017-ci il tarixində Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qeyri-qanuni rejimdə “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı” qanunsuz referendum keçirməsi beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olundu. Azərbaycan Xarici İşlər Nazirliyinin bu qondarma referendum, Xocalı soyqırımı, aprel hadisələri, Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanatları və digər açıqlamaları Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmamamasının bir daha aydın şəkildə ifşa edilməsinə, münaqişənin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyinə münasibətdə beynəlxalq ictimaiyyətin qəti və birmənalı dəstəyinin daha da gücləndirilməsinə xidmət edib.

İyun və iyul aylarında Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin həlli istiqamətində səylərini artırdığı, həmsədrlərin regiona səfərləri və beynəlxalq ictimaiyyətin substantiv danışıqlara ciddi çağırışlarının fonunda Ermənistan hərbi təxribatlara əl ataraq qoşunların təmas xətti boyunca vəziyyəti gərginləşdirməyə çalışdı. Nəticədə Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 4 iyul tarixində Azərbaycanın işğal edilmiş Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslər olan 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın qətlə yetirilməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması baş verdi.

Ermənistanın mülki insanları və obyektləri qəsdən hədəfə alması və onların fiziki məhvini güdən siyasəti beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanıldı. Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil, bu kimi təxribatlar vasitəsilə danışıqları pozmaq və Azərbaycan ərazilərinin işğalını davam etdirmək siyasətini yürüdür. Həmçinin, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atır.

Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət ilə birlikdə həyata keçirdiyi ardıcıl tədbirlər və siyasi-diplomatik təzyiqlər nəticəsində Ermənistanın danışıqları pozmaq, danışıqlara qeyd-şərt qoymaq cəhdlərinin qarşısı alındı və Ermənistan danışıqlar masasına qayıtmağa vadar edildi.

16 oktyabrda Azərbaycan və Ermənistan Prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Cenevrədə görüşü keçirildi. Görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında danışıqların müsbət atmosferdə keçdiyi qeyd olunaraq, intensiv və substantiv əsasda danışıqların davam etdirilməsi üçün xarici işlər nazirləri qarşısında tapşırıqlar qoyuldu. Bundan çıxış edərək müvafiq olaraq 14 və 16 noyabr tarixlərində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşləri keçirildi. Həmçinin, 6 dekabr tarixində ATƏT-in Vyanada keçirilən nazirlər şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu.

Azərbaycan, dövlət başçılarının 16 oktyabrda Cenevrədə keçirilmiş görüşündən sonra danışıqların intensiv, substantiv və konkret əsasda aparılmasını dəstəkləyir. Noyabrda Moskvada, dekabrda isə Vyanada keçirilmiş görüşlərdə hal-hazırda danışıqlar masasında olan bütün təkliflər ətrafında substantiv və məntiqi müzakirələr aparılıb. Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə həmsədrlərin mandatını təşkil edən beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin tezliklə həll edilməsi və həmsədr ölkələrin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan edilmiş qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün səylərini davam etdirəcəkdir.

BMT-nin Baş katibi il ərzində bir neçə dəfə bəyanatla çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara çağırış etdi.

Münaqişənin mərhələli həllinin siyasi-hüquqi əsasları artıq hər kəsə bəllidir. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822(1993), 853(1993), 874(1993) və 884(1993) qətnamələri beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn müvafiq prinsipləri əsasında münaqişənin həlli üzrə siyasi prosesin əsasını təşkil edən hüquqi çərçivəni müəyyən edib. Qətnamələr Azərbaycan ərazilərinin işğalını pisləyib, güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli sənədə görə həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nın müvafiq qətnamələrini, ATƏT-in Budapeşt sammitinin qərarlarını, Helsinki Yekun Aktını əsas götürməlidirlər.

İl ərzində Ermənistanın Azərbaycan ərazilərini güc tətbiq edərək işğalının, Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır sosial-humanitar nəticələrinin, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin beynəlxalq gündəliyə çıxarılması davam etdirilib.

Prezident İlham Əliyevin iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT-ECO) bu ilin martında İslamabadda keçirilmiş 13-cü Zirvə toplantısında qəbul olunmuş bəyanatda ECO regionunda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişaf və regionun potensialının tam şəkildə istifadəsinə, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlıq ifadə olunaraq, bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həll edilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.

2017-ci il 27 mart tarixində keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM üzv ölkələri Baş nazirlərinin görüşündə qəbul olunmuş Birgə bəyanatda GUAM üzv dövlətləri ərazisində həlli uzadılmış münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tezliklə həll edilməsinin vacibliyi vurğulanmış, eləcə də gücdən istifadə etmə yolu ilə bir ölkə tərəfindən digər ölkənin ərazisinin işğal edilməsi qətiyyətlə pislənilib.

GUAM-ın təsis olunmasının 20 illiyinə həsr olunmuş xarici işlər nazirlərinin Tbilisi toplantısının bəyanatında, həmçinin BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM-ABŞ, GUAM-Yaponiya nazirlər şurasının iclasının yekununda qəbul edilmiş açıqlamalarda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri bir daha təsdiq edilib.

Kot Divuar Respublikasının Abidcan şəhərində 10-11 iyulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Xocalı qətliamının qurbanları ilə həmrəylik”, “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adlı qətnamələr qəbul edilib.

BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün təsirləri adlı bənd daxil edilib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasının 72-ci sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Kontakt Qrupunun ikinci iclası keçirilib.

24 noyabrda dövlətimizin başçısının iştirakı ilə Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsində Azərbaycan Respublikası daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə dair Aİ-nin öhdəliyi, həmçinin Şərq Tərəfdaşlığı regionundakı münaqişələrin həllində beynəlxalq hüququn prinsiplərinə əsaslanan vahid mövqe əks olunub. Aİ üzv ölkələrinin oxşar mövqeyi Avropa Parlamentinin 13 dekabr 2017-ci il tarixində qəbul etdiyi “Vahid xarici siyasət və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair illik hesabat” adlı qətnaməsində də təsbit olunub. Burada Avropa Parlamentinin bütün Şərq Tərəfdaşlığı dövlətlərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu vurğulanır.

“Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Avropa İttifaqı (Aİ) – Azərbaycan münasibətlərinə dair hesabat” üzrə Avropa Komissiyası tərəfindən verilmiş mətbuat açıqlamasında Azərbaycan Aİ-nin mühüm tərəfdaşı kimi qiymətləndirilir və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin Aİ tərəfindən dəstəkləndiyi bildirilir.

2017-ci il 12 dekabr tarixində İnsan hüquqları üzrə Avropa Məhkəməsi Çiraqov və başqaları Ermənistana qarşı işi üzrə Ermənistan hökumətini münaqişə zamanı vurulan maddi və mənəvi ziyana görə sözügedən məhkəmə işinin hər bir iddiaçısına müvafiq maddi təzminatın ödəməsinə dair yekdil qərar qəbul edib. Bu qərarla Azərbaycana qarşı təcavüz törətmiş tərəf kimi məsuliyyət daşıyan tərəfin məhz Ermənistan olduğu bir daha təsbit olunub.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının yaradılmasının 25 illiyi ilə əlaqədar qəbul olunmuş bəyanatda QDİƏT regionunda davam edən münaqişələr ilə əlaqədar dərin narahatlıq ifadə olunaraq, bu münaqişələrin QDİƏT ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə hörmət əsasında həll edilməli olduğu və QDİƏT ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyi vurğulanır.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olaraq Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilən hərbi və insanlıq əleyhinə cinayət, soyqırım əməllərinin və bu xüsusda Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində Xocalıya Ədalət kampaniyası çərçivəsində ardıcıl tədbirlər davam etdirilib.

Cibuti Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib. Kolumbiya Respublikası Senatının Xarici Əlaqələr Komissiyası Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənəd qəbul edib. Paraqvay Respublikasının Deputatlar Palatası 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımın pislənilməsi və 25-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib. İƏT-in Abidcanda keçirilmiş 44-cü sessiyasında isə “Xocalı qətliamının qurbanları ilə həmrəylik” adlı qətnamə qəbul edilib. ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkilatçılığı ilə 22 fevralda Ankarada “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Türk Şurasının baş katibi, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri çıxış ediblər.

Azərbaycan tərəfindən münaqişənin hüquqi aspektləri ilə bağlı çoxsaylı hesabatlar hazırlanıb, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yayılaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Bu istiqamətdə növbəti addım kimi Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy adlı sənədin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılması həyata keçirilib. Sənəddə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri təsnif edilir, Ermənistanın əməllərinin qeyri-qanuniliyinin hüquqi əsaslandırılması və üçüncü tərəflərin hüquqi məsuliyyətinə dair beynəlxalq hüquqi rəy təmin edilir.

Azərbaycan Respublikası ilə Aİ arasında Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə alt-komitənin 16-cı iclasının gündəliyinə işğal olunmuş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyət ilə bağlı müvafiq bənd daxil edilib və məsələ iclasın protokolunda əks olunub. Bundan başqa, Avropa Komissiyasının Ticarət Direktlorluğunun (DG Trade) internet səhifəsində Azərbaycan qanunvericiliyinə istinad edilərək, Aİ şirkətlərinin işğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərdə birbaşa və ya dolayı yolla hər hansı ticarət və işgüzar fəaliyyətinin cinayət məsuliyyəti ilə nəticələnəcəyi barədə xəbərdarlıq dərc edilib.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telekom” şirkətinin fəaliyyətinin dayandırılması və Ermənistanın həmin ərazilərdə qeyri-qanuni fəaliyyətinin qarşısının alınması məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ-İTU) ilə davamlı iş aparılmış və bunun nəticəsi olaraq Azərbaycanın müvafiq mövqeyi və tələbləri ITU-nun əməliyyat bülletenində dərc edilərək təmimi şəkildə bütün üzv-dövlətlər arasında yayılıb.

Əvvəlcədən əldə edilmiş məlumatlar əsasında Ermənistanın əcnəbi vətəndaşları aldadaraq Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilən tədbirlərə cəlb etməsinin qarşısı alınıb, bir çox dövlətlərin Xarici İşlər Nazirliklərinin rəsmi internet səhifəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin qeyri-qanuniliyi və hüquqi məsuliyyət ehtiva etməsi barədə xəbərdarlıqlar yerləşdirilib. Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına açıq çağırış edən və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimi təbliğ edən bəzi əcnəbi fiziki şəxslərə qarşı hüquqi təqib xarakterli addımlar atılıb və adları arzuolunmaz şəxslər siyahısına daxil edilib. Ermənistanın təbliğatının qurbanı olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş bir sıra şəxs Azərbaycan tərəfinə üzrxahlıq məktubu ilə müraciət edərək adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib. Bununla bərabər, erməni lobbi təşkilatlarının dəstəyi ilə Avropa ölkələrində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə keçirilməsi planlaşdırılan bir sıra tədbirlərin qarşısı alınıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi Rusiya Federasiyası, o cümlədən ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə daim müzakirə edilən mövzu olub. Bununla bərabər, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş hesab olunan 4000 nəfərdən artıq azərbaycanlının taleyi məsələsi daim gündəmdə saxlanıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqa və təmaslara xidmət edən təşəbbüslər və etimad quruculuğu tədbirləri dəstəklənib.

Azərbaycana qarşı təcavüz və işğalına görə Ermənistan istisna olmaqla, Azərbaycan qonşu dövlətlərlə mehriban qonşuluq və dostluq əlaqələrinə malikdir. Qonşu dövlətlərlə əlaqələr xalqlarımızın rifahı, regionda sabitlik, təhlükəsizlik və çiçəklənmənin təmin edilməsi naminə strateji əsasda inkişaf edir.

Qardaş Türkiyə ilə ikitərəfli əlaqələr strateji müttəfiqlik zəminində “Bir millət, iki dövlət” prinsipi ilə uğurla inkişaf edib. İl ərzində yüksək səviyyəli qarşılıqlı səfərlər, ölkələrimizin liderləri səviyyəsində səmimi dostluq şəraitində keçirilən görüşlər, beynəlxalq səviyyədə qarşılıqlı dəstək əlaqələrimizin daha da inkişafında mühüm rol oynayıb. Bu il iki ölkənin imza atdığı növbəti uğurlu trans-regional layihə olan Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılması, iki ölkənin dövlət başçısının iştirakı ilə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi ilə əlamətdar olub. Birgə səylərlə TANAP layihəsinin tezliklə istifadəyə verilməsi üçün səylər davam etdirilir.

Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müstəvisində qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir. Azərbaycan və Rusiya Prezidentlərinin dostluq münasibətləri və mütəmadi görüşləri iki ölkə arasında əlaqələrin inkişafında xüsusi rola malikdir. Bu iki ölkə arasında diplomatik əlaqələrin qurulması münasibətilə Moskvada və Bakıda tədbirlər keçirilib, xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlər olub. İqtisadi-ticarət, humanitar və regionlararası əməkdaşlığın inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirilib.

İran İslam Respublikası ilə mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında əməkdaşlıq və dostluq inkişaf edib. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində səmimi görüşlər ikitərəfli əlaqələrimizin inkişafına xüsusi təkan verir. İl ərzində ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər əməkdaşlığın daha da inkişafına öz töhfəsini verib.

Gürcüstanla əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Bakı-Tbilisi-Qars layihəsinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrdə əlamətdar hadisələrdən biri olub. Azərbaycan şirkətləri Gürcüstan bazarında əsas investor statusuna malikdir.

Ortaq tarix, etnik köklər, mədəni və dini dəyərlər əsasında Azərbaycan dost Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Ümumi tarixi keçmişi bölüşdüyümüz MDB ölkələri ilə əlaqələr hərtərəfli inkişaf edir.

İl ərzində Azərbaycanın ev sahibliyi ilə Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatlarında xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşlərin keçirilməsi Azərbaycanın qonşu dövlətlərlə uğurlu ikitərəfli tərəfdaşlığını tamamlayaraq, üçtərəfli əsasda bu tərəfdaşlığın inkişafına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verib. Görüşlərin yekununda Bakı Bəyannaməsi qəbul olunaraq, üçtərəfli formatda əməkdaşlığın prioritet istiqamətləri, qarşılıqlı şəkildə tərəflərin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörməti və dəstəyi təsbit olunub.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan Azərbaycan-Rusiya-İran formatında uğurlu əməkdaşlıq 2016-ci ilin avqustunda dövlət başçıları səviyyəsində keçirilmiş Bakı görüşünün ardınca 1 noyabr 2017-ci ildə Tehranda keçirilmiş növbəti Zirvə Toplantısı ilə xarakterizə olunub. Görüşün yekununda Birgə Bəyannamə qəbul olunub.

Regional və üçtərəfli əməkdaşlıq məsələləri ilə bərabər Azərbaycan-Rusiya-İran formatı Hind okeanı ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın dünya ölkələri ilə ikitərəfli əlaqələrinin inkişafında Prezident İlham Əliyevin xarici ölkələrə səfəri, digər ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri və bu əsnada aparılan yüksək səviyyəli siyasi dialoq müstəsna rol oynayır. İl ərzində dövlətimizin başçısı Qətər Dövlətinə, İran İslam Respublikasına, Polşa, Latviyaya rəsmi, Rusiya Federasiyasına rəsmi və işgüzar, Fransa Respublikasına, Belçika, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, ABŞ və İsveçrəyə işgüzar səfərlər edib. Bununla bərabər, Prezident İlham Əliyevin beynəlxalq tədbirlər çərçivəsində digər ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşləri, Azərbaycana səfər edən digər yüksək vəzifəli nümayəndə heyətlərini qəbulu və apardığı danışıqlar ikitərəfli əlaqələrimizin inkişafına xüsusi təkan verib.

Qazaxıstan, Moldova, Türkmənistan, Bolqarıstan prezidentləri, Bosniya və Hersoqovinanın rəyasət heyətinin sədri rəsmi səfərlə, Əfqanıstan prezidenti isə işgüzar səfərlə Azərbaycanda olub. Makedoniya, Monteneqro, Albaniya, Gürcüstan, Latviya dövlət başçıları V Bakı Qlobal Forumunda, Mali prezidenti IV Ümumdünya mədəniyyətlərarası dialoq forumunda, Türkiyə prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi və Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər. Qazaxıstan, Gürcüstan və Özbəkistanın Baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olublar.

İl ərzində Qətər, Gürcüstan, Latviya, Cibuti, Birləşmiş Ərəb Əmirlikləri, Estoniya, Kolumbiya, Laos, Kosta-Rika, Boliviya, Ukrayna, Polşa, Monteneqro, Braziliya və Rusiya xarici işlər nazirləri ölkəmizdə rəsmi səfərdə olub. Türkiyə, Əfqanıstan, İran, Pakistan xarici işlər nazirləri, Hindistan Hökumətinin xarici işlər üzrə Dövlət naziri işgüzar səfər ediblər.

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi və işgüzar, Polşa, Malta, İtaliya, Litva, Kolumbiya, Kosta Rika, Macarıstan, Vyetnam, Laos, İsveç, Efiopiyaya rəsmi, Qazaxıstan, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərləri olub. Sözügedən səfərlər nəticə yönümlü xarakter daşıyaraq ikitərəfli siyasi, iqtisadi, ticarət, humanitar əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verib.

2017-ci il Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafı baxımdan əlamətdar olub. Dövlətimizin başçısı tərəfindən Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Azərbaycanın Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması Avropa İttifaqı əməkdaşlığımızın inkişafı üçün əlavə stimul verir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu ilin fevralında Brüsselə səfəri və Avropa İttifaqının rəhbərliyi ilə keçirdiyi görüşləri əlaqələrimizin inkişafına xüsusi təkan vermiş və rəsmi olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə danışıqlar başlayıb. Tərəflər arasında qarşılıqlı anlaşma şəraitində saziş layihəsi üzrə konstruktiv danışıqlar davam etdirilir. “Avropa İttifaqı və onu üzv dövlətləri ilə Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş” layihənin yekunlaşdırılması üzrə danışıqlar aparılıb.

Azərbaycanın ticarət dövriyyəsində ən böyük pay sahibi Avropa İttifaqıdır. Siyasi, iqtisadi, ticarət, enerji, investisiyalar, nəqliyyat və humanitar sahələrdə tərəflər arasında daha sıx əməkdaşlıq üçün geniş və əlverişli imkanlar vardır. TAP layihəsinin müəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçirilməsi üçün Avropa İttifaqı, o cümlədən İtaliya tərəfi və digər tərəfdaşlarla qarşılıqlı anlaşma şəraitində birgə səylər davam etdirilir. Fəaliyyətə başladıqdan sonra yeni enerji mənbəyi və marşrutu olaraq TAP layihəsi və bütövlükdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verəcəkdir.

Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri inkişaf xətti ilə davam etdirilib. Bu çərçivədə, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə 28 may-Respublika Günü münasibətilə təbrik məktubu, 31 may-3 iyun tarixlərində Bakıda keçirilmiş 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və Konfransı ilə əlaqədar xoş arzularını ifadə edən məktub ünvanlayıb. Prezident İlham Əliyev ABŞ-ın milli bayramı olan 4 iyul-Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa təbrik məktubu göndərib.

10 iyul tarixində İstanbulda keçirilmiş 22-ci Dünya Neft Konqresi çərçivəsində Prezident İlham Əliyev ABŞ-ın Dövlət Katibi R.Tillersonu qəbul edib. Görüş zamanı ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. Ölkələrimiz arasında enerji, nəqliyyat, investisiyalar, terrorizmə qarşı mübarizə, aviasiya, turizm kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar vardır. Azərbaycan ABŞ-ın TANAP/TAP layihəsinin inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

Çin Xalq Respublikası Kommunist Partiyasının yüksək vəzifəli rəhbər şəxslərinin Azərbaycana səfəri, Azərbaycanın müxtəlif səviyyəli nümayəndə heyətlərinin Çinə səfəri və bu əsnada aparılan müzakirələr ikitərəfli siyasi, iqtisadi və ticarət əlaqələrimizin inkişafı baxımdan mühüm rol oynayır. Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir Yol, Bir Kəmər” layihəsini dəstəkləyir və Bakı-Tbilisi-Qars dəmir yol xətti və ölkəmizdə yaradılan multi-modal nəqliyyat infrastrukturu bu layihə çərçivəsində əməkdaşlıq üçün böyük imkanlar vəd edir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan edilməsi və ölkəmizdə İslam Həmrəylik Oyunlarının keçirilməsi İslam dünyası ölkələri ilə əlaqələrin inkişafına xüsusi təkan verib. 2017-ci ilin İslam Həmrəyliyi ilə elan olunması dövrün tələblərinə və ehtiyaclarına cavab verərək İƏT üzv ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. İslam həmrəyliyi ili İslam dünyası ilə digər mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsinə öz mühüm töhfəsini verib. İl ərzində Azərbaycan Respublikası BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq platformalarda İslam dünyası ökələrini narahat edən problemlərin müzakirəsində yaxından iştirak edib.

20-21 may 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

İl ərzində Xarici İşlər Nazirlikləri səviyyəsində Fələstin, İtaliya, Fransa, Xorvatiya, Sloveniya, Çin, Böyük Britaniya, Cənubi Koreya və Yaponiya ilə siyasi məsləhətləşmələr aparılıb.

Malayziyanın ev sahibliyi ilə keçirilən İƏT xarici işlər nazirlərinin fövqəladə iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri, həmçinin beynəlxalq tədbirlər çərçivəsində Fələstin, Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, Avstriya, İtaliya, Finlandiya, Macarıstan, Belçika xarici işlər nazirləri ilə görüşüb. Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Vanuatu Respublikasının Xarici Əlaqələr, Beynəlxalq Əməkdaşlıq və Xarici Ticarət naziri ilə görüş keçirib və görüş zamanı Azərbaycan Respublikası və Vanuatu Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb. 2017-ci ildə Azərbaycanla Baham Adaları Birliyi arasında da diplomatik əlaqələr qurulub. İndoneziya və Avstraliya ilə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər həyata keçirilib.

2017-ci ildə Azərbaycan ilə 70-ə yaxın ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur. Bu münasibətlə bu ölkələrlə dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində qarşılıqlı məktub mübadiləsi həyata keçirilib, birgə bəyanatlarla çıxış edilib, həmçinin ölkələrimiz arasında dostluğa həsr olunmuş sərgi, seminar və konfranslar keçirilib.

İkitərəfli əməkdaşlıq əsnasında il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici dövlətlərə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici ölkələrin dövlət başçılarının Azərbaycan Respublikasına müvafiq səviyyəli səfərləri, Azərbaycan Respublikasının xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə baş tutmuş səfərlər nəticəsində 90-dan artıq ikitərəfli beynəlxalq sənədin imzalanması təmin edilib. Qeyd olunan səfərlər çərçivəsində imzalanmış sənədlər siyasi, iqtisadi, sosial, humanitar, mədəni və digər sahələri əhatə edir. Həmin sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına dair mühüm müddəaların əks olunması təmin edilib.

Parlament diplomatiyası dünya ölkələri ilə ikitərəfli əlaqələrimizin inkişafında mühüm rola malikdir. Bu əsasda parlamentlərarası əlaqələrin inkişafına dəstək verilib.

İkitərəfli əlaqələrin tərkib hissəsi kimi xarici iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və iqtisadi diplomatiya gündəliyinin təşviq edilməsi prioritet istiqamətlərdən biridir. 2017-ci il ərzində Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkənin ticari-iqtisadi potensialının xaricdə təşviq olunması, qeyri-neft sektoru məhsullarının ixracının təşviqi və genişləndirilməsi, yeni sərmayə imkanlarının araşdırılması, Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və işçi qruplarının iclaslarının keçirilməsi, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni istehsal olunan məhsulların istehsalının və xarici bazarlara çıxışının qarşısının alınması, Avropa İttifaqı ilə, həmçinin qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi xarici iqtisadi siyasət sahəsində XİN tərəfindən həyata keçirilən fəaliyyətin əsas istiqamətləri olmuşdur.

Hesabat ili ərzində Azərbaycanın 10 ölkə ilə birgə hökumətlərarası iqtisadi komissiyalarının (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Latviya, Litva, Estoniya, Xorvatiya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Tacikistan, Vyetnam və Qazaxıstan) və 1 ölkə ilə işçi qrupunun (Almaniya) iclasları keçirilib.

30 noyabr – 1 dekabr 2017-ci il tarixində Moskva şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası və 4-5 dekabr 2017-ci il tarixlərində Moskva şəhərində keçirilmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi zamanı “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsi üzrə, eyni zamanda, Xəzər dənizi çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan sahəvi sənəd layihələrinin hazırkı vəziyyəti barədə müzakirələr aparılıb və “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsi tərəflər arasında razılaşdırılıb. Həmin layihəyə əsasən tərəflər Xəzər dənizində öz suverenliyini, suveren və müstəsna hüquqlarını, eləcə də yurisdiksiyasını həyata keçirirlər. Xəzər dənizində əməkdaşlıq dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliynə qarşılıqlı hörmət, zor tətbiq etməmək və zor işlətməklə hədələməmək, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq, həmçinin tərəflərin maraqları nəzərə alınmaqla və bir-birinin təhlükəsizliyinə xələl gətirmədən Xəzər dənizində hərbi balansın və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi, hərbi sahədə etimad tədbirlərinə riayət edilməsi, eləcə də Xəzər dənizində ətraf mühitin və onun bioloji resurslarının qorunması, bərpa olunması və rasional istifadə olunması prinsipləri əsasında qurulacaqdır. Eyni zamanda, Konvensiya layihəsinin məqsədi dəniz gəmiçiliyi, su bioloji resurslarının mühafizəsi və istifadəsi, dəniz dibinin və təkinin ehtiyatlarının istismarı və Konvensiyaya və milli qanunvericiliyə uyğun olaraq digər məsələlərin tənzimlənməsindən, eləcə də Xəzər dənizi akvatoriyasının bölünməsi, hərbi gəmilərin sahilyanı ölkənin ərazi sularından keçidi, xəzəryanı dövlətlərin bayraqları altında üzən gəmilərin digər dənizlərə və Dünya Okeanına tranzit keçidi, sualtı naqillərin və boru kəmərlərinin çəkiliş və dəniz elmi tədqiqatlarının aparılmasının şərtləri və qaydalarından ibarətdir.

Beynəlxalq təşkilatlar və çoxtərəfli əsasda fəal diplomatik iş davam etdirilib. Azərbaycan Respublikası universal beynəlxalq təşkilat kimi 2017-ci ildə BMT-nin işində fəal iştirak edib və beynəlxalq sülh, təhlükəsizlik və inkişafın təmin edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfəsini verib. BMT çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyət prioritet təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 21 sentyabrda BMT Baş Assambleyasının 72-ci sessiyasının ümumi müzakirələrində iştirak edib. Dövlət başçısı BMT Baş Assambleyasında çıxış edərək ölkəmizin siyasi, sosial-iqtisadi və humanitar inkişaf modeli, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri, BMT strukturlarının islahatı, mədəniyyətlər və dinlərarası dialoqun təşviqi və Ermənistanın Azərbaycana qarşı təcavüzü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın prinsipial mövqeyini və strateji baxışını beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edib, bir sıra yüksək səviyyəli tədbirlər və ikitərəfli görüşlərdə iştirak edib.

Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə bu ilin mayında xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin mənzil-qərargahına səfər edib və BMT-nin Baş katibi ilə görüş keçirib. Bu əsnada Nyu-Yorkda Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Paytaxt Bakı şəhərinin “EXPO 2025” sərgisinə ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. BMT-nin Dayanıqlı inkişaf məqsədləri ilə əlaqəli şəkildə Azərbaycan tərəfindən “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu təqdim edilib. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycanın “EXPO 2025”-ə namizədliyi ilə əlaqədar təbliğat-təşviqat kampaniyası aparılır.

2017-2019-cu illər üzrə BMT Sosial-İqtisadi Şurasının (ECOSOC) üzvü kimi Azərbaycan beynəlxalq inkişaf məqsədləri naminə fəaliyyətini davam etdirib.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) “Regional əməkdaşlıq üçün dayanıqlı enerji” mövzusunda 15-19 may 2017-ci il tarixlərində Banqkok şəhərində keçirilmiş 73-cü illik sessiyasında layihəsi Azərbaycanın təşəbbüsü ilə hazırlanmış və daha sonra Rusiya Federasiyasının qoşulduğu “Asiya və Sakit okean regionunda dayanıqlı enerjinin inkişafı üzrə regional əməkdaşlığın gücləndirilməsi” adlı qətnamə yekdilliklə və 8 ölkənin həm-müəllifliyi ilə (Əfqanıstan, Banqladeş, Kamboca, Çin, İran, Qazaxıstan, Monqolustan və Pakistan) qəbul olunub.

İl ərzində ölkəmiz terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, kiber cinayətkarlığa və çirkli pulların yuyulmasına, eləcə də digər yeni təhdid və çağırışlara qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıqda fəal iştirak edib.

Azərbaycan Respublikası 2017-cı il ərzində silahlara nəzarət və kütləvi qırğın silahlarının və onların komponentlərinin yayılmaması sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməkdə davam edib. Qeyd edilən sahələrdə beynəlxalq tərəfdaşlarla birgə müvafiq işlər həyata keçirilib, beynəlxalq qətnamələrin və sənədlərin hazırlanmasına töhfə verib, ikitərəfli və çoxtərəfli əməkdaşlıq inkişaf etdirilib. 2017-ci ilin may ayından etibarən Azərbaycan Respublikası ilk dəfə olaraq Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (KSQT) əsas icraedici orqanı olan İcraiyyə Şurasında üzvlüyü başlayıb.

Azərbaycan Respublikası Qoşulmama Hərəkatına qoşulduğu qısa müddət ərzində bu qurumun siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq imkanlarından dərindən faydalanmaq imkanı əldə edib. Azərbaycan 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrlik edəcək. Azərbaycanın 2018-ci ildə Qoşulmama Hərəkatının növbəti nazirlər konfransına ev sahibliyi etməklə bağlı təklifi hərəkata üzv dövlətlər tərəfindən dəstəklənib. 3-6 aprel 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının ortamüddətli nazirlər konfransına hazırlıq işləri görülür.

Beynəlxalq təşkilatların seçkili orqanlarında təmsilçilik baxımdan diqqət çəkən məqam 2017-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanının 2017-2019-cu illər üçün üzvlüyünə seçilməsi olub. Azərbaycan Respublikası Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına 2018-2021-ci illər üçün yenidən seçilib. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi 2018-2021-ci illər üçün BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinə yenidən seçilib. 2017-ci ildə Ümumdünya EXPO 2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb.

Azərbaycan tamhüquqlu üzv olduğu regional təşkilatlar olan ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və digərləri ilə fəal əməkdaşlıq edib. Dünya Gömrük Təşkilatının baş katibi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, Dünya Turizm Təşkilatının baş katibi, Parlamentlərarası İttifaqın baş katibi, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi, İqtisadi Əməkdaşlıq təşkilatının baş katibi, Cənubi Asiya regional əməkdaşlıq təşkilatının baş katibi, İSESCO-nun baş katibi, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi, UNESCO-nun baş direktoru və ATƏT Parlament Assambleyasının sədri ölkəmizə səfər ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ortaq etnik köklərə, mədəni əlaqələrə malik olduğumuz dost və qardaş ölkələrlə əlaqələrimizin inkişaf etdirilməsi baxımdan mühüm platformadır. Beynəlxalq tədbirlər, o cümlədən BMT Baş assambleyasının 72 sessiyası çərçivəsində Türk Şurası üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 10 sentyabrda İƏT-in Qazaxıstanda keçirilən Elm və Texnologiyalar üzrə birinci sammiti, eləcə də İƏT-in hazırki sədri Türkiyənin təşəbbüsü ilə 12 dekabrda Əl-Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə Toplantısında iştirak edib. Həmçinin, Azərbaycan nümayəndə heyəti İƏT-in Kot Divuarda keçirilmiş 44-cü nazirlər toplantısı, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilən nazirlər iclasına, İƏT informasiya nazirləri toplantısına qatılıb.

2017-ci ilin 20-21 iyul tarixlərində Bakıda BMT-nin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının İcrası üzrə Komitə və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “Yerusəlim və beynəlxalq cəmiyyət: siyasi və iqtisadi dəstəyin təmin edilməsi” mövzusunda “Yerusəlim Məsələsi üzrə Beynəlxalq Konfrans” keçirilib.

İqtisadi Əməkdaşlıq Təşkilatının 1 martda İslamabadda keçirilmiş 13-cü Zirvə Görüşündə iştirak məqsədilə Pakistana səfər edən Prezident İlham Əliyev səfər çərçivəsində Prezident Məmnun Hüseyn və Baş nazir Məhəmməd Nəvaz Şərif ilə görüşlər keçirib.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində 20 oktyabrda İstanbulda keçirilən İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşündə iştirak edib.

Azərbaycan təsis edilməsinin 20 illiyi qeyd olunan GUAM təşkilatının işində və sahəvi əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsində fəal iştirak edib. Tbilisidə GUAM-ın təsis olunmasının 20 illiyi ilə əlaqədar 9 oktyabrda keçirilmiş nazirlər toplantısında xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib.

22 may 2017-ci il tarixində İstanbul şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 25 illik Yubiley Zirvə Görüşünün Birgə Bəyənnaməsinə ölkəmizin maraqlarını əks etdirən bir sıra müddəaların daxil edilməsinə nail olub. 2018-ci ilin ikinci yarısından etibarən QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcəkdir.

1 dekabrda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransı Bakıda keçirilib. İclasın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış ediblər. İclasda İstanbul Prosesində iştirak edən və bu prosesi dəstəkləyən ölkə və beynəlxalq təşkilatlardan 250-dən artıq nümayəndə iştirak edib. İclasın yekununda Bakı Bəyannaməsi qəbul edilib.

2017-ci il ərzində Azərbaycan Respublikası və NATO arasında tərəfdaşlıq uğurla davam etdirilib. Azərbaycan Respublikası 2017-cı ildə NATO-nun rəhbərliyi altında Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında iştirakını və töhfələrini davam etdirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23 noyabrda NATO-nun mənzil qərargahına səfər edib, NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edib.

Polşaya səfər əsnasında xarici işlər naziri Elmar Məmmədyarov 12 aprel tarixində Varşavada keçirilən Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edib.

Afrika İttifaqı və Ərəb Dövlətləri Liqası ilə müşahidəçi statusunda əməkdaşlıq aparılıb. Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqı Komissiyasının sədri, Sülh və Təhlükəsizlik və İqtisadi məsələlər üzrə Komissarları ilə görüşüb. Afrika İttifaqının mənzil-qərargahında Azərbaycanın milli brendinə çevrilmiş “ASAN” konsepsiyasının təqdimatı keçirilib. Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlıq inkişaf etdirilib, KƏŞ-in katibliyinin dəstəyi ilə üzv dövlətlərlə Azərbaycan arasında biznes forum keçirilib. Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq üzrə tərəfdaş statusunda əlaqələr davam etdirilib.

Çoxtərəfli əməkdaşlıq çərçivəsində il ərzində BMT, onun ixtisaslaşmış qurumları, digər beynəlxalq və regional təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin beynəlxalq-hüquqi ekspertizası aparılıb, müvafiq arayışlar hazırlanıb, bir sıra sənəd layihələrinin razılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

2017-ci il ərzində Azərbaycan Respublikası insan hüquqları, demokratiya, qanunun aliliyi və eləcə də yaxşı idarəçilik prinsiplərinin təşviqinə cavabdeh olan beynəlxalq təşkilatlar ilə yaxından əməkdaşlıq etməyə davam edib. İl ərzində ölkəmiz Avropa Şurası, ATƏT və BMT-nin əlaqədar təsisatlarının işində yaxından iştirak etmiş və həyata keçirilən fəaliyyətlərə öz töhfələrini verib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə müqavilə qurumlarına dövri hesabatlarla birlikdə təqdim edilən ölkəmizin “Ümumi icmal sənəd”i Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 2826 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası adından BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilib.

İl ərzində Azərbaycan BMT Baş Assambleyasının Üçüncü Komitəsi və İnsan Hüquqları Şurasında (İHŞ) müxtəlif məsələlər üzrə aparılan müzakirələrdə ardıcıl şəkildə iştirak edib və o cümlədən bir sıra qətnamələrə həm-müəlliflik edib. Bundan əlavə, “ASAN” konsepsiyasının BMT-nin insan hüquqları üzrə təsisatları və BMT üzv dövlətləri arasında təşviq edilməsi istiqamətində fəal iş aparılıb.

İnsan ölçüsü sahəsində ATƏT öhdəliklərinin yerinə yetirilməsi istiqamətində təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və digər qurumları ilə əməkdaşlıq davam etdirilib.

2017-ci ildə ərzində Avropa Şurasının 2014-2017-ci illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının (FP) icrası uğurla davam etdirilib və yekunlaşdırılıb. Hər iki tərəfin qarşılıqlı razılığı əsasında artıq növbəti fəaliyyət planının tərtibi üzrə işə başlanılıb.

2017-ci ildə YUNESKO üzrə AR Milli Komissiyası fəaliyyətini davam etdirərək müxtəlif sahələr üzrə bir sıra layihə və tədbirlər həyata keçirib. Azərbaycan ilə YUNESKO arasında uğurlu əməkdaşlığın inkişaf etdirilməsində, xalqımızın zəngin mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ edilməsində Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın əvəzedilməz xidmətləri vardır.

İl ərzində ölkəmiz YUNESKO-nun Baş Konfransının 39-cu sessiyasında, komitə iclaslarında, YUNESKO üzrə Milli Komissiyaların tədbirlərində fəal təmsil olunub.

Cari ildə Azərbaycanın YUNESKO-ya üzvlüyünün 25 illiyi münasibətilə ölkədə və YUNESKO baş qərargahında bir sıra tədbirlər keçirilib.

4-9 dekabr 2017-ci il tarixlərində Koreya Respublikasının Jeju adasında YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilib. YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına təqdim olunmuş ölkəmizin iki nominasiyası “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi” və “Simli musiqi aləti Kamança, onun düzəldilməsi və ifaçılığı sənəti” (İran İslam Respublikası ilə birgə irəli sürülüb) Komitə tərəfindən nəzərdən keçirilərək qəbul edilib.

BMT Baş Assambleyasında dekabrın 11-də qəbul edilmiş “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi” adlı qətnamədə Bakıda iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad olunur və bu tədbir mədəniyyətləarası dialoqun təşviqi üçün aparıcı qlobal platforma kimi təsvir edilir. Bundan başqa, BMT Baş katibi tərəfindən sentyabrın 19-da BMT Baş Assambleyasının 72-ci sessiyasına təqdim edilmiş “Sülh naminə sülh mədəniyyəti və dinlər və mədəniyyətlərarası dialoq, anlaşma və əməkdaşlığım təşviqi” adlı hesabatda da 2008-ci ildən etibarən həyata keçirilən “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun təşviqi sahəsində öncül yer tutduğu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun isə bununla bağlı əsas qlobal platforma kimi özünü təsdiqlədiyi vurğulanmışdır.

Regionun diplomatik mərkəzi kimi mötəbər və nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın rolu və nüfuzu daha da artıb. İl ərzində Rusiya və ABŞ silahlı qüvvələrinin Baş qərargah rəislərinin, eləcə də NATO-nun hərbi komitəsinin rəhbərinin Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi ilə görüşünün keçirilməsi üçün Bakının seçilməsi bunun daha bir nümunəsidir.

2011-ci ildə Xarici İşlər Nazirliyinin tərkibində yaradılmış Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency /AIDA/) dünyanın inkişaf etməkdə olan ölkələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində yoxsulluğun azaldılması, elmin, mədəniyyətin və səhiyyənin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, enerji resurslarından səmərəli istifadə, müxtəlif təyinatlı təqaüd proqramlarının, habelə humanitar və texniki təyinatlı digər layihələrin həyata keçirilməsini dəstəkləməkdədir. Artıq 40-dan çox Afrika, Asiya və Latın Amerikası ölkələri Agentliyin həyata keçirdiyi proqramlardan faydalanmışdır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına m&uu

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti