No:368/23, Nazir Ceyhun Bayramovun Malayziyanın xarici işlər naziri Zambri Abd Kadir ilə görüşünə dair mətbuat məlumatı
5 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində Malayziyanın xarici işlər naziri Zambri Abd Kadir ilə görüşüb.
Görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi barədə qarşı tərəfə məlumat verib və hər iki ölkənin təşkilat çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər.
Nazirlər Azərbaycan ilə Malayziya arasında Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində də sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.
Görüş zamanı, iki ölkə arasında qarşılıqlı təmasların genişləndirilməsinin vacibliyi vurğulanıb
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.