news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 dekabr 2017

No:364/17, Azərbaycan Respublikasının YUNESKO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirildi

19 dekabr tarixində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının YUNESKO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvləri, dövlət rəsmiləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin səfirləri, eləcədə ölkəmizin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.

Tədbirdə çıxış edən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin YUNESKO-da 25 illik fəaliyyəti dövründən gördüyü uğurlu işlər haqda tədbir iştirakçılarına məlumat verdi. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə YUNESKO üzrə Milli Komissiyanın yarandığını diqqətə çatdıran nazir, fəaliyyəti dövründə Milli Komissiyanın bir çox dövlət qurumları və ictimai təşkilatlar, eləcə də YUNESKO və üzv dövlətlər ilə birgə qarşılıqlı əhəmiyyət kəsb edən sahələr üzrə səmərəli əməkdaşlıq etdiyini bildirdi. Azərbaycanın YUNESKO dəyərlərinə sadiq olduğunu vurğulayan nazir E.Məmmədyarov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin YUNESKO ilə təhsil, elm və mədəniyyət sahələrində sıx əlaqələr qurduğunu və bunun nəticəsi olaraq Azərbaycanın YUNESKO-nun nüfuzlu üzvünə və donor ölkəsinə çevrildiyini qeyd etdi.

Azərbaycan-YUNESKO ikitərəfli əməkdaşlığına toxunan E.Məmmədyarov, bu münasibətlərin daha da intensiv və dinamik səviyyəyə çatdırılmasında Birinci Vitse-Prezident, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın əvəzsiz rolundan danışdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir, ölkəmizin 20 faiz ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və sözügedən işğal nəticəsində Azərbaycana məxsus olan tarixi və mədəni abidələrin, məktəblərin və kitabxanaların, eyni zamanda məscidlər və məzarlıqların qəsdən məhv edildiyini söylədi. Nazir Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən bu mənfur əməllərin daim YUNESKO qarşısında qaldırıldığını xüsusi olaraq qonaqların diqqətinə çatdırdı.

Sonda, E.Məmmədyarov Azərbaycanın YUNESKO-ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğuladı.

Daha sonra Milli Komissiyanın sədr müavinləri- mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın prezidenti Akif Əlizadə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, təhsil naziri səlahiyyətlərini icra edən, nazir müavini Ceyhun Bayramov, eləcədə Milli Komissiyanın üzvü- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov ölkəmiz ilə YUNESKO arasında son 25 il ərzində görülmüş uğurlu əməkdaşlıq fəaliyyəti haqda tədbir iştirakçılarına ətraflı məlumat verdilər.

Yubiley tədbiri Azərbaycanın YUNESKO siyahılarında yer alan maddi və qeyri- maddi mədəni irs nümunələrinə həsr olunmuş sərginin nümayişi və YUNESKO-nun Yubileylər Proqramına daxil edilmiş görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600 illik yubileyinə həsr edilmiş konsert proqramı ilə davam etdi.






Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti