No:356/24, Nazir Ceyhun Bayramovun Kolumbiyanın xarici işlər və ticarət naziri Luis Gilberto Murillo ilə görüşünə dair mətbuat məlumatı

23 sentyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın xarici işlər və ticarət naziri Luis Gilberto Murillo ilə görüşüb.

 

Görüşdə Nazir Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişafının vacibliyinə toxunaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin, habelə prioritet sektorlar üzrə aidiyyəti qurumlararası münasibətlərin inkişaf etdirilməsinin önəmini vurğulayıb. 

 

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə toxunaraq, bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığını və bu çərçivədə Azərbaycanın Kolumbiya ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. 

 

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bərpa etdikdən sonra bölgədə yaranan yeni reallıqlar, ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə qarşı tərəf məlumatlandırılıb. 

 

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti