No:353/24, Nazir Ceyhun Bayramovun Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra ilə görüşünə dair mətbuat məlumatı

23 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra ilə görüşüb.

 

Görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı cari vəziyyət, həmçinin Azərbaycan və Aİ-nin iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində əməkdaşlığına dair müzakirələr aparılıb.

 

Nazir Ceyhun Bayramov ölkəmizin COP29 sədrliyi çərçivəsində milli və beynəlxalq səviyyədə görülmüş işlər, xüsusilə proses çərçivəsində aparılan danışıqlar prosesi, əldə olunmuş nəticələr barədə qarşı tərəfi məlumatlandırıb. 

 

Ölkəmizin COP29-a sədrliyinin müvafiq sahə üzrə yeni əməkdaşlıq imkanlarını aktuallaşdırdığı vurğulanıb.

 

Azərbaycanın COP29 sədrliyini inklüzivlik əsasında qurduğu, bu istiqamətdə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində səylərin birləşdirilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla aktiv danışıqlar prosesini irəlilətdiyi diqqətə çatdırılıb. Eyni zamanda, bir sıra beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, özəl sektor nümayəndələri və s. kimi digər maraqlı tərəflərin də prosesə yaxından cəlb olunduğu bildirilib. 

 

COP29 sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində qlobal səylərə dəstək olduğu diqqətə çatdırılıb.

 

Azərbaycanın milli səviyyədə ətraf mühitin mühafizəsi və bu istiqamətdə bərpa olunan enerji mənbələrinə keçid məsələsini xüsusi diqqət mərkəzində saxladığını nəzərə alaraq, görüş zamanı “yaşıl enerji” sahəsi üzrə  əməkdaşlıq perspektivləri, ölkəmizin gündəliyində duran plan və prioritetlər nəzərdən keçirilib.

 

Qarşı tərəf Azərbaycan tərəfindən COP29 sədrliyi çərçivəsində aparılan danışıqlar  prosesinin inklüziv təşkilinin təqdirəlayiq olduğunu qeyd edib, bu istiqamətdə Aİ tərəfinin prosesin təşkilində lazımi bütün dəstəyi göstərməyə hazır olduğu bildirilib.

 

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti