No:353/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında baş tutmuş telefon danışığına dair məlumatı
2020-ci ilin 16 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
Xarici İşlər naziri Ceyhun Bayramov bölgədəki cari vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə BMT Baş katibinə məlumat verib. Nazir Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini və mülki infrastrukturu, həmçinin münaqişə zonasından uzaq yerləşən şəhərləri məqsədyönlü şəkildə atəşə tutduğunu vurğulayıb. O, humanitar atəşkəsin elan edilməsindən 13 saat sonra Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulduğunu bildirib. Nazir bu günə kimi 47 mülki şəxsin həyatını itirdiyini və 222 nəfərin isə yaralandığını qeyd edib.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin uzərinə düşdüyünü bildirib.
BMT Baş katibi Antonio Quterreş bölgədə gərginliyin artması və mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb. BMT Baş katibi, həmçinin münaqişənin siyasi yolla həllinin zəruriliyini qeyd edib.