No:353/17, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə dair təbrik məktubu mübadiləsi həyata keçirilib
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstanın xarici işlər naziri Mixayıl Canelidze arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində Azərbaycan-Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün sahələrində nəzərəçarpacaq inkişafın müşahidə olunduğunu bildirib. Həmçinin, nazir E. Məmmədyarov əldə olunan nailiyyətlərin iki ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə töhfə verdiyini, onların rifah və çiçəklənməsinə xidmət etdiyini qeyd edib. Bu xüsusda o, iki ölkə arasında münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini diqqətə çatdırıb.
Elmar Məmmədyarov Gürcüstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair davamlı və prinsipal mövqeyini yüksək qiymətləndirib.
Məktubda mökhəm dostluq əlaqələrinə əsaslanan ikitərəfli münasibətlərin beynəlxalq müstəvidə qarşılıqlı dəstəklə ifadə olunmasının vacibliyi qeyd olunub.
Elmar Məmmədyarov Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli münasibətlərin davamlılığının birgə regional layihələrin həyata keçirilməsində mühüm rol oynaması ilə yanaşı, regionda əməkdaşlıq və inkişafın təməlini qoyduğunu bildirib. Bu xüsusda, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istismarının birgə strateji siyasətin effektivliyinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb. Elmar Məmmədyarov bildirib ki, birgə həyata keçirilmiş bu layihələr iki xalqın rifahının yüksəlməsinə xidmət göstərir, eyni zamanda regionun nəqliyyat və ticarət qovşağı kimi əhəmiyyətini sübut edir.
Gürcüstanın xarici işlər naziri Mixayıl Canelidze Elmar Məmmədyarova ünvanladığı məktubunda Gürcüstan və Azərbaycanın qarşılıqlı anlaşma və uzaqgörən baxışa əsaslanan yüksək səviyyəli qonşuluq əlaqələri və güclü tərəfdaşlıq qurduğunu məmnunluqla vurğulayıb. Bu xüsusda, o iki ölkə arasında qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əlaqələrin möhkəmləndiyini və regional səviyyədə əhəmiyyətli layihələrin inkişafına nail olunduğunu qeyd edib.
Nazir M.Canelidze iki xalq arasında mövcud əlaqələrin və iki ölkənin yaxın münasibətlərinin ortaq maraqlar və möhkəm tarixi təməl üzərində qurulmuş ənənəvi dostluqla tam uzlaşdığını diqqətə çatdırıb.
M.Canelidze məktubunda strateji tərəfdaşlığın daha da dərinləşəcəyinə və gələcəkdə daha çox nəticələr əldə olunacağına ümidvarlığın bildirdi.
Məktubda M.Canelidze ikitərəfli münasibətlərin dərinləşdirilməsi və çoxtərəfli formatlarda birgə maraqların təşviqində iki ölkənin XİN-lərinin effektiv və nəticəyönümlü işindən məmnunluğunu ifadə edib.