No:350/24, Nazir Ceyhun Bayramovun Keniya Respublikasının baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşünə dair mətbuat məlumatı

23 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Keniya Respublikasının baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb.

 

Görüş zamanı Azərbaycan və Keniya arasında ikitərəfli əməkdaşlığın perspektivləri,  habelə çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Nazir Ceyhun Bayramov iki ölkə arasında beynəlxaq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib, o cümlədən Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin təşəbbüslərinə göstərdiyi dəstəyə görə Keniya tərəfinə təşəkkür edib.  

 

Görüş zamanı, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə münasibətlərin inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkəmizin Keniyada səfirliyinin fəaliyyətə başlamasının münasibətlərin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

 

Nazir Ceyhun Bayramov, həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə toxunaraq, bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, bu çərçivədə əməkdaşlıq perspektivlərindən ətraflı bəhs edib.

 

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

 

Daha sonra, nazirlər arasında Azərbaycan və Keniya arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti